close

“Siyasi partiyalar haqqında” qanunun qəbulu: “Hakimiyyət Avropadan üz çevirir”

Milli Məclis, Foto: By aquatarkus/Shutterstock

Partiyaların bir çoxu qanunu dəstəkləyir, bir qismi isə etiraz edir

“Milli Məclisin qəbul etdiyi qanun yalnız siyasi partiyalara qarşı yönəlmiş addım deyil. Bu, kompleks siyasət, o deməkdir ki, hökumət demokratik mühiti məhv edəcək, hətta demokratiya barədə düşünmək qadağan olunacaq”.

Bu fikirləri Meydan TV-yə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Seymur Həzi “Siyasi partiyalar haqqında” qanun layihəsinin qəbul edilməsinə münasibət bildirərkən deyib.

Dekabrın 16-da Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanun layihəsi III oxunuşda qəbul edilib.

Qanun qəbul edildikdən sonra Prezident Adminstrasiyasına təqdim olunmalıdır.

Prezident qanun təqdim olunan gündən etibarən 56 gün müddətində sənədi imzalaya və ya geri qaytara bilər.

Bəs bu qanun Azərbaycanın siyasi mühitinə necə təsir edəcək?

Seymur Həzi hesab edir ki, qanun Azərbaycanda siyasi mühiti daha da ağırlaşdıracaq.

Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti yeni qanunla Avropa Şurası məkanından da üz çevirir:

“Həm də hökumət bununla siyasi konyukturada tutduğu mövqeyini ortaya qoydu. Hakimiyyət düşünür ki, növbəti mərhələdə Rusiya zəifləsə, Çinə doğru addımlamalı və siyasi modeli də Pekindən götürməlidir. Ancaq hökumət bu məqsədinə çata bilməyəcək”.

“Qanunvericilikdəki formal dəyişikliklər insanların problemlərini həll etməyəcək”

AXCP yetkilisinin sözlərinə görə, qanunvericilikdəki formal dəyişikliklər Azərbaycan insanının problemlərini həll etmir:

Seymur Həzi
Seymur Həzi, Foto:: Meydan TV

“Problemlər qaldıqca, onların siyasi aktuallığı da qalır. Hökumət bu istiqamətdə çox ciddi səhvə yol verib. Məsələləri həll etmək əvəzinə onu formal baxımdan aradan qaldırmaq barədə düşünür. Bu isə siyasi cəhətdən absurddur”.

“Yeni qanun siyasi sektordakı hərc-mərcliyi aradan qaldıracaq”

Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü Milli Məclisin qəbul etdiyi qanunu müsbət dəyərləndirib.

“Əgər ölkədə fundamental siyasi islahatların keçirilməsinin zəruriliyindən danışırıqsa, siyasi sistemdə ən mühüm həlqəni təşkil edən siyasi partiyalarla bağlı yeni qanuna ehtiyac vardı. Çünki 1992-ci ildə qənul edilən qanun yeni dövrün reallıqlarına tam cavab vermirdi”, – deyə o bildirib.

Elxan Şükürlü hesab edir ki, yeni qanun siyasi sektordakı nizamsızlığı, hərc-mərcliyi aradan qaldırmaq istiqamətində mühüm addım olacaq:

“Bu qanun həm də gələcək siyasi islahatlar üçün hüquqi bazanın yaradılması deməkdir. Bəli, qanunda dövlətin siyasi partiyalara nəzarət imkanlarını artıran müddəalar var. Amma bundan narahat olmağa dəyməz. Qanun partiyaları özlərində məsuliyyət hiss etməyə, güclərini artırmağa və eyni ideyanı, məramı bölüşən siyasi partiyalar arasında təmərgüzləşmə meyllərini artırmağa məcbur edəcək. Son nəticədə bundan ölkə qazanacaq”.

“Vacib məqam odur ki, ölkənin milli təhlükəsizliyinə siyasi partiyalar üzərindən müdaxilə imkanlarının qarşısı alınacaq. Dövlətin və millətin maraqlarını düşünən istənilən parttiya belə qanunun qəbulunu müsbət qarşılamalıdır. Hansısa partiyalar əleyhinə çıxır, necə ki, QHT-lər və media haqda qanunda da belə oldu. Biz “Qurani-Kərim”in ayəsində nöqsan axtaran millətik. İstənilən qanunun əleyhinə çıxanlar olacaq, amma irəli sürülən fikirlər əsaslandırılmalıdır”, – partiya funksioneri belə deyir.

Elxan Şükürlü. Foto: “strateq.az”

O, müxalifətin tənqidlərini əsaslı saymır:

“Məsələn, qeydiyyatla bağlı layihədə 10 min nəfər nəzərdə tutulurdu, yeni redaksiyada 5 min göstərildi. Bir partiya 5 min üzvünü toparlıya bilmirsə, nə partiya olur?! Ən çox narahat olanlar real gücü və imkanı olmayan partiyalardır. Bu gün ölkədə 60-a yaxın partiya var, əksəriyyəti dərnək funksiyası yerinə yetirir. Adları partiyadır, amma sədrlərindən, qeydiyyat şahədətnamələrindən başqa resursları yoxdur. İllərdir ki, bu partiyaların sədrləri dəyişmir, daxili rəqabət imkanları yoxdur, belə partiyalara ehtiyac varmı? Əlbəttə, yeni qanun məcbur edəcək ki, bir çox partiyalar təmərgüzləşsin. İkincisi, reyestr məsələsinə çox narahat olurlar, siyasi partiyanın fəaliyyəti şəffaf və xalqın gözü önündə olmalıdır. Elə partiya sədri var ki, 5 partiya siyahısında adı gedir. Seçkidə də iştirak etməyib prosesə qiymət verir”.

“Onsuz da hamımız partiyaların hansı gündə olduğunu bilirik. Təkcə AXC-Müsavat “şinel”indən nə qədər partiya çıxıb, onların əksəriyyəti eyni sosial bazanı bölüşür. Sədr müavinlə yola getməyib ayrılıblar, amma üzvlük siyahılarını araşdıranda, eyni adamlar hər ikisində var. Bəs yeni qanun bunları nizamlamalıdır da. Ona görə narahat olmağa ehtiyac yoxdur”, – deyə Elxan Şükürlü qeyd edib.

“Təklif etdik ki, partiya 2 dəfə seçkiyə qatılmırsa, ləğv olunsun”

Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli yeni qanunu mənfi qiymətləndirib.

O deyir ki, yalnız siyasi partiyalardan söhbət getmir, ölkədə bir çox sahələrdə ən mütərəqqi qanun layihələri qəbul edilib, amma müsbətə doğru heç nə dəyişməyib:

“Həmin qanunlar işləyirmi? Vergi, gömrük sahəsində qanunlar qəbul edilib, halbuki hər iki sahədə yayınmalar var. İndi də “Siyasi partiyalar haqqında” ən mütərrəqi qanun qəbul olunsaydı, nə olacaqdı? Əvvəlcə normal siyasi mühit yaradılmalıdır. Bu yoxdursa, hansı qanunu qəbul etsən də, dəyişiklik olmayacaq”.

Anar Əsədli partiya üzvlərinin şəxsi məlumatlarının hakimiyyətlə paylaşılmasını doğru saymır.

O, partiyaların çoxluğunda da problem görmür:

“Biz heç kəsə deyə bilmərik ki, sən niyə partiya qurursan? Hər kəsin partiya yaratması öz haqqıdır. Ancaq partiyalar seçkiyə qatılmırsa, onların fəaliyyəti MSK-nin rəyi əsasında ləğv olunmalıdır. Partiyalar seçkiyə qatılmalıdır, amma 30 ildir ki, seçkiyə qatılmayan partiyalar var. Söhbət boykot qərarı verənlərdən getmir. Boykot özü də seçkiylə bağlı təşəbbüsdür. Məsələ ondadır ki, nə boykot, nə də iştirak qərarları var, ancaq özlərini partiya elan ediblər”.

Anar Əsədli. Mənbə: “Facebook”

“Təklif etdik ki, partiya 2 dəfə seçkiyə qatılmırsa, MSK-nin rəyi əsasında fəaliyyəti ləğv olunsun. Çünki seçki partiyanın resursunu və imkanlarını ortaya çıxaracaq vasitədir. Bunu da təmin etmək üçün ölkədə normal seçki mühiti yaradılmalıdır. Seçki mühiti yoxdursa, partiyaların gücü və resursu bəlli olmayacaq”, – Anar Əsədli qeyd edib.

O hesab edir ki, yeni qanundan çox partiyaların cəmiyyətdə yerini təmin etmək lazımdır:

“Bunun üçün gerçəkdən səmimi siyasi mühit yaradılmalıdır. Hakimiyyətə gəlmək istəyən, iqtidara rəqib olan partiya ildə bir dəfə üzvləri ilə bağlı məlumatı niyə hökumətə verməlidir? Belə fəaliyyətmi olar? Biz axı alternativik, bu, kəsinliklə qəbuledilməzdir”.

ReAl Partiyasının üzvü qanunun əleyhinə səs verib

Milli Məclisdə bu gün qəbul edillən layihənin əleyhinə yalnız ReAl Partiyasının Siyasi Komitəsinin üzvü, deputat Erkin Qədirli səs verib.

Noyabrın 21-də Milli Məclis “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni redaksiyasında bir sıra dəyişikliklərin olması barədə məlumat yayıb.

Milli Məclisdə müzakirəyə çıxarılan “Siyasi partiyalar haqqında” yeni qanun 6 fəsildən, 30 maddədən ibarətdir.

Azərbaycanda “Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə hazırlanaraq qəbul edilib.

Qanuna sonuncu dəfə 2012-ci ildə dəyişiklik olunub.

Ana səhifəSiyasət“Siyasi partiyalar haqqında” qanunun qəbulu: “Hakimiyyət Avropadan üz çevirir”