close

“SOCAR-AQŞ” ilə bağlı 54 milyon manatlıq mənimsəmə işində nələr var: məhkəmə qapalı gedir

Ramin İsayev. Foto: “Azərtac”

Ramin İsayevin vəkilləri onun ev dustaqlığına buraxılmasını istəyiblər

“SOCAR-AQŞ” MMC-nin keçmiş baş direktoru, ümumilikdə 54 milyon manatlıq mənimsəmə və israfetmədə ittiham olunan 52 yaşlı Ramin İsayevin məhkəməsi başlayıb. Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində Faiq Qəniyevin sədrliyilə, Şəlalə Həsənova və Samir Əliyevdən ibarət hakimlər kollegiyasının icraatına verilib.

İyulun 29-da Ramin İsayevin işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Heç bir tutarlı səbəb göstərilmədən jurnalistlər məhkəmə zalına buraxılmayıb. Onlara prosesin qapalı keçirildiyi deyilib. Jurnalistlər isə bildirib ki, hazırlıq iclası heç bir halda, qapalı keçirilə bilməz. Hətta hakim prosesin qapalı keçirilməsi barədə qərar qəbul etsə də, buna hazırlıq iclasının yekununda qərar verilir.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Həm onun vəkillərindən, həm də zərərçəkmiş qismində tanınan “Aqrarkredit” QSC, “SOCAR-AQŞ” və “Abşeron Qazma” MMC-nin nümayəndələrinin vəsatətləri olub-olmadığı soruşulub. Ramin İsayevin vəkilləri onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığına buraxılmasını istəyiblər. Məhkəmə vəsatəti təmin etməyib.

Hakimlər müşavirədən sonra hazırlıq iclasının qərarını elan ediblər. Qərara əsasən, Ramin İsayevin ev dustaqlığına buraxılması barədə vəsatət təmin olunmayıb. Onun işi üzrə məhkəmə prosesinin də qapalı keçirilməsinə qərar verilib.

Məhkəmə iclası avqustun 2-nə təyin olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsi
Foto: Meydan TV

Quyu-qazma işlərinin həyata keçirilməsilə məşğul olan “SOCAR -AQŞ” MMC 2007-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə yanaşı, həm də “Nobel Energy” və “Abşeron Qazma” MMC (AQŞ) tərəfindən təsis edilib.

Amerikanın nüfuzlu Harvard Universitetinin məzunu olan Ramin İsayev 2009-2020-ci illərdə “SOCAR-AQŞ” MMC-nin baş direktoru vəzifəsində çalışıb.

Hazırda ona qarşı külli miqdarda mənimsəmə, cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. ittihamlar irəli sürülüb. O, ittihamları qəbul etmir.

Ramin İsayev 2020-ci ildə vəzifəsindən azad ediləndən sonra Türkiyəyə köçüb. Bir müddət sonra isə Ramin Hakan adı ilə Türkiyə vətəndaşı olub.

Foto: Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi

Korrupsiyaya Qarşı Mübarizə İdarəsində hazırlanmış istintaq materiallarındakı ittihamların bir qismi Türkiyədəki fəaliyyətlə bağlıdır. İttihama əsasən, Ramin İsayev hələ vəzifədə işlədiyi dövrdə Türkiyə şirkətləri ilə işbirliyində olub, xidmət göstərilmədiyi halda, o şirkətlərin hesabına yarım milyon manatdan çox pul köçürülüb. Bundan başqa, Azərbaycanda mənimsənilən pulların bir hissəsinin Türkiyədə əmlak alışına xərcləndiyi, yaxud da banka əmanət kimi yatırıldığı ittihamda yer alıb.

Ramin İsayevin məzunu olduğu Harvard Universitetinin adı da cinayət işində keçir. İttihama görə, o, “SOCAR-AQŞ” MMC-yə aid vəsaitlərdən özbaşına universitetin hesabına ianə edib.
Çoxsaylı yaxın qohumlarını, dost-tanışlarını işə götürdüyü iddia olunan Ramin İsayevə qarşı irəli sürülmüş ittihamlardan biri də ailə üzvlərinin adına olan əmlakların icarəsi adıyla onların hesabına milyonlarla vəsait köçürməkdə təqsirləndirilir.

Ramin İsayev vəzifədən çıxarılandan sonra şirkətin hesablarına kiberhücumların təşkilində, Beynəlxalq Bankdan kredit kimi götürülmüş 16 milyon manatın mənimsənilməsində də ittiham olunur.

Ana səhifəSosial“SOCAR-AQŞ” ilə bağlı 54 milyon manatlıq mənimsəmə işində nələr var: məhkəmə qapalı gedir