close

Statistika Azərbaycana idxalın artdığını, ixracın isə azaldığını göstərir

Azərbaycan, idxal-ixrac. Foto: Lightboxx/shutterstock

Ən çox Rusiyadan və Çindən idxal olunur

Azərbaycana ən çox məhsul Rusiyadan idxal olunur – 17.9 faiz. İlin ilk 8 ayında xaricdən buğda alımı 23,9 faiz artıb.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatında belə deyilir.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli daim bildirir ki, buğda idxalının artımını adətən əkin ərazilərinin az olması ilə əlaqələndirirlər. Əslində isə bu, yanlış fikirdir: 

“Azərbaycan ölkə üzrə hektardan 2,9 ton buğda əldə edir. Almaniyada bu rəqəm 7,5 ton, Fransada – 6,8 ton, Misirdə – 6,4 ton, Çində – 5,7 ton, Özbəkistanda 4,9 tondur”.

Mütəxəssis düşünür ki, problem əkin sahəsinin azlığında yox, məhsuldarlığın, dolayısı ilə peşəkarlığın aşağı səviyyədə olmasındadır:

Vahid Məhərrəmli
Vahid Məhərrəmli. Foto: Meydan TV

“Azərbaycanda 650 min hektar sahədə buğda əkilir. Bu sahələrdən ildə 3,9 milyon ton ərzaqlıq buğda əldə etmək olar. Bu rəqəm ölkənin tələbatından 1,5 milyon ton çoxdur. Peşəkarlıq olsaydı, buğdaya olan ehtiyacı tam təmin etmək olardı”.

İdxal faizi artmış məhsulların içində xam şəkər də var – 2,5 faiz. Bundan sonrakı sırada mal əti gəlir. İdxalı 2,4 dəfə, artıb. Siqaret idxalı isə 8,1 faiz çoxalıb.

Rusiyadan sonra Azərbaycana ən çox Çindən idxal var – 13,7 faiz.

Üçüncü yerdə 5.7 faizlə Türkiyə və Almaniya, sonrakı sıralarda 5,3 faizlə Türkmənistan, 3,1 faizlə Fransa, 3 faizlə ABŞ, 2,7 faizlə İran, 2,6 faizlə İtaliya gəlir.

Bu ilin 8 ayında Azərbaycandan 113 ölkəyə məhsul ixracı, 185 ölkədən isə məhsul idxalı həyata keçirilib. Ümumi 194 ticarət tərəfdaşı var. Xarici ticarət dövriyyəsi 29989,2 milyon dollar olub. Bunun 18838,6 milyon dolları və ya 62,8 faizi ixracın, 11150,6 milyon dolları (37,2 faizini) isə idxalın payına düşüb.

Dövlət Statistika Komitəsi
Mənbə: stat.gov.az

Rəsmi rəqəmlərdən görünən odur ki, ölkəyə idxal 6,9 faiz artıb, ixrac isə 1,8 faiz azalıb. İtaliyadan Azərbaycana gələn məhsul ümumi məbləğin 2.6 faizi etsə də, Azərbaycanın ümumi ixrac statistikasının 45,6 faizi İtaliyanın payına düşüb. İkinci yerdə 16,4 faizlə Türkiyəyə, üçüncü yerdə 4,7 faizlə Yunanıstan, sonrakı yerdə 4,5 faizlə İsrail, ardınca isə 3,3 faizlə Rusiya gəlir.

Neft qaz məhsullarından sonra Azərbaycanın xaricə ən çox ixrac etdiyi məhsul meyvə, tərəvəz, meyvə şirələri və konservləri, üzüm şərabları, marqarin, polipropilen, bitki yağları, pambıq lifi, mineral gübrələr və s.dir. İdxalla bağlı rüsumlara gəlincə, tez-tez Azərbaycanda vergilərin və gömrük rüsumlarının yüksək olmasından şikayətlənilir. Ümumdünya Ticarət Təşkilatının (ÜDM) ən son açıqladığı “World Tariff Profiles 2022” hesabatından da görünür ki, Azərbaycanda gömrük rüsumlarının səviyyəsi region ölkələrindən yüksəkdir.

Hesabatda bildirilir ki, 2021-ci ildə Azərbaycanın “sadə və orta ən əlverişli rejim”də gömrük tarifi 8.5 faiz olub. Gürcüstanda bu göstərici 1.4 faizdir. Yəni Azərbaycanla müqayisədə altı dəfə az. Ermənistanda isə həmin göstərici 6.3 faizdir – yəni Azərbaycandakından 26 faiz az.

Ana səhifəİqtisadiyyatStatistika Azərbaycana idxalın artdığını, ixracın isə azaldığını göstərir