close

Statistika: Azərbaycanda işləyən qadınların sayı azdır

Source: google.az

Ölkədə hansı sahədə qadınların çoxluq təşkil etdiyi açıqlanıb

Azərbaycan əhalisinin 50,2 faizi qadınlardır.

Rəqəm 2024-cü ilin əvvəlinə aiddir. Ötən il isə doğulmuş 112,6 min körpədən 46,9 faizi qız uşaqları olub.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatında belə deyilir.

Qadınların daha çox hansı peşələrə yiyələnməsinə gəlincə, ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 82,7 faizi, orta ixtisas təhsil müəssisələrində 79,4 faizi, ali təhsil müəssisələrində 58,7 faizi qadınlardır.

Ölkədə çalışan hər 3 həkimin ikisi qadınlardır.

Ümumi təhsil müəssisələrində təhsil alanların 46,6 faizi, orta ixtisas təhsili müəssisələri tələbələrinin 62,5 faizi, ali təhsil müəssisələri tələbələrinin isə yarısı qızlardır.

Elmi işçilərin 59,2 faizini də qadınlar təşkil edir.

“Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 1,6 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 1,5 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 9-u qadındır”, – DSK bildirir.

İşləyən qadınların sayına gəlincə, məşğul əhalinin ümumi sayındakı xüsusi çəkiləri 47,9 faizdir.

Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29,4 faiz, fərdi sahibkarlar arasında isə 22,7 faizdir.

Statistik məlumatda bildirilir ki, Milli Məclisdə qadın deputatların sayında da əvvələ baxanda artım olub.

“1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkədə qadın deputatların xüsusi çəkisi 17,9 faizə çatıb”.

Azərbaycanda nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayı da artıb. Sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz olduğu halda, 2023-cü ildə bu rəqəm 12 faizədək qalxıb.

Bir müddət öncə Azərbaycanda keçiriləcək “COP29” iqlim dəyişikliyi sammitinin təşkilat komitəsinin üzvləri arasında qadınların olmaması etiraza səbəb olmuşdu.

İlk təsdiqlənən və 28 nəfərdən ibarət “COP29” iqlim dəyişikliyi sammitinin təşkilat komitəsinin üzvlərinin hamısı kişilər idi.

Tənqidlərdən sonra Prezident İlham Əliyev “COP29” sammitinin təşkilat komitəsində qadınların təmsil olunması üçün əvvəlki sərəncamına dəyişiklik etdi.

Sərəncamla təşkilat komitəsinə 12 qadın daxil edildi.

Ölkədə qadın haqları ilə bağlı vəziyyətin aşağı səviyyədə olması zaman-zaman önəmli vəzifələrdə qadınların təmsilçiliyinin aşağı olması ilə əlaqələndirilir.

Ana səhifəSosialStatistika: Azərbaycanda işləyən qadınların sayı azdır