DSK ötən il otellərdə gecələyənlərin sayını açıqlayıb
Azərbaycanda 2023-cü ilin ilk 6 ayında otellərdə 1 363,2 min gecələmə olub.
Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 32,7 faiz artım deməkdir.
Dövlət Statistika Komitəsi bildirir ki, gecələmələrin 61,1 faizi Bakı, 5 faizi Qusar, 4,8 faizi Quba, 4,4 faizi Qəbələ, 3,6 faizi Naftalan, 3 faizi Şabran, 2,8 faizi Lənkəran, 2,2 faizi Naxçıvan, 1,5 faizi Xaçmaz, 1,2 faizi İsmayıllı, 1,1 faizi Gəncə, 1 faizi Şamaxı, 0,8 faizi Şəki, 0,7 faizi Mingəçevir, 0,7 faizi Şuşa, 0,7 faizi Qax və 5,4 faizi digər şəhər və rayonlardakı mehmanxanaların payına düşüb.
Otellərdə gecələmə günlərinin 788,1-i xarici turistlərə aiddir. Bunun da ötən illə müqayisədə 56,5 faiz artım olduğu bildirilir.
Turistlərin 17,4 faizi Rusiya Federasiyası, 8,8 faizi Hindistan, 8,6 faizi Türkiyə, 6,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 6,5 faizi Səudiyyə Ərəbistanı, 4 faizi İsrail, 4 faizi Böyük Britaniya, 3,5 faizi Küveyt, 2,7 faizi ABŞ, 2,7 faizi Qazaxıstan, 2,1 faizi Gürcüstan, 2,1 faizi Pakistan, 1,9 faizi Özbəkistan, 1,7 faizi Almaniya, 1,6 faizi Çin, 1,3 faizi İtaliya, 1,0 faizi Belarus, 0,9 faizi Qətər, 0,9 faizi Ukrayna, 0,8 faizi Fransa, 0,7 faizi İran, 0,6 faizi Polşa, 0,5 faizi Niderland, 0,5 faizi Oman, 18,5 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Turistlərin 84,2 faizi Bakıda, 4,0 faizi Qusarda, 3,6 faizi Naftalanda, 3,4 faizi Qəbələdə, 2,0 faizi Qubada, 0,4 faizi Gəncədə, 2,4 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qalıb.
Yerli vətəndaşların otellərdə keçirdiyi gecələmələrin sayı da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz artıb – 575,1 min olub. Bu, ümumi gecələmələrin 42,2 faizini təşkil edib.
2023-cü ilin yanvar-iyun aylarında otellərin ümumi gəliri 209,3 milyon manat olub. Bu da bir il öncəki vaxtla müqayisədə 42,4 faiz artımdır.
İqtisadçı, deputat Vüqar Bayramov deyir ki, hələ də Azərbaycana gələn turistlərin böyük əksəriyyəti yalnız Bakıda qalmağa üstünlük verir. Bölgələr xarici turist cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzurlar:
“Paytaxtın infrastrukturunu nəzərə aldıqda bu normal qarşılana bilsə də, regional gecələmə sayında fərqin böyük olması diqqətdən kənarda qalmamalıdır. Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır”.
İqtisadçı bildirir ki, nəticədə, bölgələrin böyük turizm potensialından tam istifadə olunmur. Bu isə o deməkdir ki, bölgələrin turizm imkanlarının re-inteqrasiyası üçün işlər sürətləndirilməlidir.
İqtisadçı deyir ki, bölgələrdə turizm sektoruna daha çox sərmayənin cəlb edilməsi və rəqabətin gücləndirilməsi əsas hədəflərdən olmalıdır:
“Turizmin enerjidən sonra ölkəyə ən çox valyuta gətirən sektor olduğunu nəzərə alsaq, o zaman, bu sahənin bölgələrin inkişafına, rayonlarda yeni iş yerlərinin yaradılmasına verəcəyi töhfəni təsəvvür etmək çətin olmaz”.
İqtisadçı Natiq Cəfərli isə bildirir ki, Azərbaycanda bəzi rəsmilər öz çıxışlarında quru sərhədlərin bağlı qalmasına haqq qazandırmaq üçün deyirdilər ki, bu hal daxili turizmin inkişafına təkan verir, turizm obyektlərinin inkişafına səbəb olur.
Onun sözlərinə görə, rəqəmlər rəsmilərdən fərqli olaraq yalan danışmır:
“2023-cü ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 16,6 faiz səviyyəsində olub – sadə dildə desək, nömrələrin 83,4 faizi boş qalıb. 2022-ci ilin eyni dövründə bu rəqəm 12,4 faiz olub, yəni 2022-2023-cü illərin ilk yarısında quru sərhədlər bağlı olsa da, otellərdə yerlərin 85 faizə yaxını boş qalıb. Bəs hanı sərhərlərin bağlı olmasının daxili turizmə müsbət təsiri?”.
İqtisadçı əlavə edir: “Deyə bilərlər rəsmi rəqəmlər reallığı əks etdirmir, yəqin rəsmiləşmiş nömrələrin sayı azdır, otellər vergidən yayınmaq üçün qonaqları qeydə almırlar – hə, o zaman da rəsmilərin, “ölkə iqtisadiyyatı “ağarır”, sənədləşmə, rəsmi fəaliyyət artır”, sözü yalan çıxır”.
Natiq Cəfərliyə görə, hər bir halda, rəsmilərin dediklərinin içi boşdur, quru sərhədlərin bağlı olması ölkənin turizm sektoruna çox böyük ziyan vurur.
Azərbaycanda 3 ildən artıqdır ki, qonşu ölkələrlə quru sərhədlər bağlıdır. Səbəb kimi COVİD 19 pandemiyası göstərilir. Baxmayaraq ki, Dünya Səhiyyə Təşkilatı pandemiyanın bitdiyini elan edib, Azərbaycan da daxil olmaqla bütün ölkələrdə qadağalar aradan götürülüb. Lakin Azərbaycan quru sərhədlərini açmır, səbəb kimi isə COVİD 19 pandemiyasından qorunmağı əsas gətirir.
Müstəqil ekspertlər isə quru sərhədlərinin bağlı qalmasının altında fərqli səbəblər olduğunu bildirirlər.