close

Tərəflər “Dağlıq Qarabağ” münaqişəsini Beynəlxalq Ədalət Məhkəməsinə çıxarıb

Beynəlxalq Ədalət Məhkəməsi, Foto: By robert paul van beets/Shutterstock

Ermənistan Azərbaycana qarşı irqi ayrıseçkilik haqqında Konvensiyaya əsasən iddia qaldırıb

Ermənistan və Azərbaycan “Dağlıq Qarabağ” münaqişəsini BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə çıxarıb. İşlə bağlı dinləmələr oktyabrın 12-də başlayıb.

Rəsmi Yerevan məhkəmədən Bakının qoşunlarını Dağlıq Qarabağdan çıxarmasını, ərazidən köç etmiş etnik erməni əhalinin bölgəyə təhlükəsiz qayıtması ilə bağlı qərar çıxarmasını rica edib. Ermənistan Beynəlxalq Ədalət Məhkəməsinə sentyabrın 28-də müraciət edib və Azərbaycana qarşı irqi ayrıseçkilik haqqında Konvensiyaya əsasən iddia qaldırıb.

Sentyabrın 18-dən Qarabağdan ölüm xəbərləri gəlməyə başlayıb. Tank əleyhinə minaya düşən iki böyük yük avtomobilinin içində 14 nəfər həyatını itirib. Bunlardan yeddisi polis, qalanı mülki şəxs olub. Azərbaycan həmin minaların erməni diversiya qrupları tərəfindən yeni basdırıldığını açıqlayıb.

Sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyata başlayıb. Tələbi erməni silahlı qüvvələrinin regiondan çıxarılması olub. Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb. Tanınmamış respublikanın 2024-cü il yanvarın 1-də ləğv olunacağını bəyan edib. Bunu sentyabrın 19-da yaranmış vəziyyətlə əlaqələndirib.

Hərbi əməliyyatlar zamanı hər iki tərəfdən yüzlərlə insan həlak olub. Daha sonra Qarabağdan etnik ermənilərin köçü başlayıb. Ermənistan Beynəlxalq Məhkəmədən Azərbaycanın “bütün hərbi və hüquq-mühafizə orqanlarının şəxsi heyətini Dağlıq Qarabağdakı bütün mülki qurumlardan çıxarması” barədə göstəriş verməsini istəyib. Həmçinin məhkəməni Azərbaycanın “qalan etnik erməniləri köçürməyə və ya qaçqınların təhlükəsiz və tez qayıtmasına mane olan hər hansı hərəkətlərdən çəkinməsini” təmin etməyə çağırıb. Yerevan həmçinin ümid edir ki, Bakı Qarabağın indiki və keçmiş siyasi təmsilçiləri, yaxud hərbçilərinə qarşı cəzalandırıcı tədbirlərdən çəkinəcək.

Məhkəmə qarşısında hər iki ölkə bir-birini BMT müqaviləsini, irqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Beynəlxalq Konvensiyanı (ICERD) pozmaqda ittiham edib.

Azərbaycan tərəf daim açıqlamalarında Qarabağın erməni əhalisinin bölgəni tərk etməməsini, reinteqrasiya prosesini qəbul edib, evlərində yaşaya biləcəyini açıqlayıb. Ermənistan tərəf Azərbaycanı Dağlıq Qarabağı erməni əhalidən təmizləmək üçün “etnik təmizləmə” kampaniyası aparmaqda ittiham edib.

Ana səhifəSiyasətTərəflər “Dağlıq Qarabağ” münaqişəsini Beynəlxalq Ədalət Məhkəməsinə çıxarıb