close

Tərtərin kəndlərində mal-qara otaran sakinlər minaya düşüb

Mənbə: Youtube screen

İki şəxs xəstəxanaya yerləşdirilib

Tərtərdə son iki gündə mal-qara otaran şəxslər ardıcıl minaya düşüb. Mina partlayışlarından biri fevralın 5-də saat 11.45 radələrində rayonun Həsənqaya kəndi ərazisində baş verib. Kənd sakini Azər Məmmədov heyvanları otararkən mina partlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, 1966-ci il təvəllüdlü Azər Məmmədov ayağından xəsarət alıb.

“Vətəndaş polis əməkdaşlarının vasitəsilə xəstəxanaya təxliyə edilib”, – DİN-in mətbuat xidmətindən bildirilib.

Bənzər hadisə bir gün öncə – fevralın 4-də saat 17.00 radələrində Tərtər rayonunun Qızıloba kəndi ərazisində də baş verib. 2001-ci il təvəllüdlü Həsənəli Əlizadə mal-qaranı örüş sahəsindən gətirəndə minaya düşüb.

Ayağından xəsarət alan 23 yaşlı Həsənəli Əlizadə də xəstəxanaya yerləşdirilib.

Hər iki faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Baş prokuror Kamran Əliyev yanvarın 26-da keçirilən kollegiya iclasında bildirmişdi ki, 2020-ci ilin noyabrından indiyə qədər ümumilikdə 342 nəfər mina və hərbi sursat partlayışlarının qurbanı olub. Nəticədə onların 65-i həlak olub, 277 nəfər isə xəsarət alıb.

Ana səhifəBölgəTərtərin kəndlərində mal-qara otaran sakinlər minaya düşüb