close

Toyundan iki gün sonra həbs olunan inanclının ailəsi: “Onun nə İranla, nə narkotiklə işi olub”

Foto: Müsəlman Birliyi Hərəkatı

“Düşünmürlər ki, bu hərəkətlərimizin hesabı bir gün mütləq bizdən alınacaq?!”

Müsəlman Birliyi Hərəkatının üzvü, toyundan cəmi iki gün sonra həbs olunan Cavid Allahverdiyevin ailəsi hazırda ağır vəziyyətdə olduqlarını deyir. Ailə üzvlərinin sözlərinə görə, ətrafdakı gəncləri narkotikdən çəkindirməyə çalışan, divarlara “ağ ölümlə mübarizə” haqda elanlar yapışdıran bir adamı narkotik ittihamıyla həbs eləmək absurddur.

“Özləri də yaxşı bilir ki, Cavidin narkotiklə heç bir əlaqəsi yoxdur. Onu da yaxşı bilirlər ki, Cavid zəhmətiylə ailəsini dolandıran adam idi. Onun nə İranla, nə narkotiklə işi olub. Onun çox yaşlı valideyni, kirayədə yaşayan ailəsi var. Toyundan iki gün sonra adamı şərləyib tutub aparmaq, ailəsini başsız, gözüqayşlı qoymaq hansı çərçivəyə sığar? Düşünmürlərmi ki, Allah bu hərəkətlərimizin hesabını bir gün mütləq bizdən alacaq?! Bu, nə qanunla düz gəlir, nə də insanlıqla…”, – yaxını belə deyir.

27 yaşlı Cavid Allahverdiyevin toy məclisi martın 15-də keçirilib. Yaxınları Meydan TV-yə danışır ki, o, martın 17-də Biləcəri qəsəbəsində qohumuyla birlikdə gedərkən saxlanılıb:

“4-5 nəfər kök, hündür adamlar olub. Əvvəl qohuma da təzyiq göstərilib. Sonra aralarında biri deyib ki, “o, lazım deyil”. Qohumu buraxıblar. Qohumumuz soruşub ki, hara aparırsınız? Deyiblər ki, “qorotdelə” (Bakı şəhər Baş Polis İdarəsi nəzərdə tutulur-red.). Bizə də həmin qohum zəng eləyib xəbər verdi. Lakin sonradan dedilər ki, Yasamal rayonundakı 26-cı bölmədədir. Ora yemək apardıq. Əvvəl dedilər ki, tez buraxılacaq. On gündən sonra zəng gəldi ki, Kürdəxanı təcridxanasına aparılır”.

Cavid Allahverdiyevə qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb. Onun Yasamal rayonu ərazisində saxlandığını və cibindən narkotik tapıldığı iddia olunur. Cinayət işinin istintaqı da Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılır.

Yaxınları deyir ki, istintaqı aparan müstəntiqlə əlaqə saxlayıb, ondan məlumat almağa çalışırlar. Lakin müstəntiq zənglərə cavab vermir:

“Birinci dəfə zəng elədik, cavab verdi, dedi ki, nahardan sonra zəng eləyərsiz. Ondan sonrakı zənglərin heç birinə cavab vermir”.

Ailə hesab edir ki, Cavid Allahverdiyevin həbsinin əsas səbəbi onun Müsəlman Birliyi Hərəkatının üzvü olması, son aylarda ölkədə dini inanclı şəxslərə qarşı kütləvi repressiyaların həyata keçirilməsidir. Deyirlər ki, bu mənada, Cavidin həbsi də gözlənilən idi, sadəcə, bunu toydan iki gün sonra edəcəklərini gözləmirdilər:

“Qız toyu oğlan toyundan bir həftə əvvəl olmuşdu. Ona öz toyundan bir müddət əvvəl DTX əməkdaşı zəng eləmişdi, demişdi ki, telefonunu gətir. Cavid də telefonunu aparmışdı. Ona demişdilər ki, nömrə qoy telefon işlət, bir neçə gündən sonra səni yenə çağıracağıq. Nömrə qoymuşdu, telefon işlədirdi. 3-4 gündən sonra zəng gəlmişdi ki, gəlib telefonunu götürsün. Özləri də bilirdilər ki, onun pis işi yoxdur…”.

Cavid Allahverdiyevə ittiham verilən maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Müsəlman Birliyi Hərəkatının sədri taleh Bağırzadə də daxil olmaqla, təşkilatın 40-dan artıq üzvü həbsdədir. Onlardan 20 nəfərdən çoxu son bir neçə ay ərzində həbs olunanlardır.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti dini inanclı şəxslərin şərlənərək həbs olunması haqda iddiaları təkzib edib. Həbs olunanların konkret faktlara görə saxlanıldıqları bildirilib.

Ana səhifəSiyasətToyundan iki gün sonra həbs olunan inanclının ailəsi: “Onun nə İranla, nə narkotiklə işi olub”