close

Tramp və dünya

Donald Tramp. Foto: Meydan TV

Zərdüşt Əlizadə

İndi bütün dünya Trampın adından sonra hansı vurğu işarəsinin qoyulması məsələsini müzakirə edir

Tramp Amerikan demokratiyası üçün çətin sınaq oldu. 2016-cı ildə seçiləndə ilk əvvəl Respublikaçılar Partiyasını əzib-əzib özünə tabe etdi. Sonra ənənəvi amerikan seçki sistemini silkələyib Hillari Klintondan 3 milyon az səs almasına baxmayaraq, Prezident ola bildi. Sonra ona qədər bağlanmış əksər ticari müqavilələri təftiş edib Amerikanın xeyrinə dəyişdirdi.

Sonra Səudiyyədə qılıncla rəqs edib kralın belinə 400 milyard dollarlıq silah müqaviləsini yüklədi. Sonra ərəb dövlətlərini İsrailin işğalı ilə barışıb “İbrahim sazişi” bağlamağa məcbur etdi. Beynəlxalq hüquqa tüpürüb İsrailin ərəb torpaqlarını ilhaq etməsini tanıdı.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

Onun dövründə Amerikan iqtisadiyyatı sürətlə inkişaf etməyə başladı.

Hələ çox iş görəcəkdi, amma fələk qoymadı, Kovid pandemiyası başladı, əhalini bağladılar evlərinə, zirək adamlar girişdilər ölkəni silkələməyə. BLM hərəkatı ölkəni bürüdü, nümayiş və yürüşlər camaatı vahiməyə saldı, küçələrdə və idarələrdə ağdərili vətəndaşları qaradərili vətəndaşlar qarşısında diz çöküb quldarlıq dövrünün ədalətsizliyinə görə üzr istəməyə məcbur etdilər. Bu tövr işlərə etiraz etməyə çalışan ABŞ Prezidenti Donald Trampın söz və ifadə hüququnu məhdudlaşdırdılar, tvitterini bağladılar, qəzet və jurnallara çıxışına qadağa qoydular. Zahirən dünyanın ən qüdrətli insanı oldu dünyanın ən zavallı insanı, çünki o, ABŞ-nin “dərin dövlət”inə əl uzatmağa cəsarət etmişdi. Konqresdə iki dəfə ona impiçment məhkəməsi qurdular, alınmadı. Üç-dörd məhkəmə iddiası qaldırıb başını qatdılar.

2020-ci il prezident seçkilərində həngamə qalmadı ki, onun başına gətirməsinlər. Nəhayətdə, Co Bayden Ağ Evin sahibi oldu. Trampı isə bir məhkəmədən digərinə sürüməyə başladılar.

Trampın xeyrinə Demokratlar Partiyasının rəhbərliyinin əqli zəifliyi işlədi. Onlar ona qarşı hansısa gənc və istedadlı bir namizəd çıxara bilmədilər. Tramp ikinci dəfə namizəd oldu. Seçki dövründə iki dəfə ona sui-qəsd təşkil etdilər. Bir dəfə möcüzə sayəsində öldürülmədi, güllə qulağının ucunu apardı. İkinci dəfə qatili hürkütdülər, qaçanda tutuldu.

Noyabrın 5-də Tramp rəqibindən 5 milyon çox səs toplayıb parlaq qələbə qazandı və ABŞ-nin “seçilmiş Prezidenti” oldu. Bayden onu Ağ Evdə qəbul edib söz verdi ki, hakimiyyəti rəvan ötürəcək.

İndi bütün dünya Trampın adından sonra hansı vurğu işarəsinin qoyulması məsələsini müzakirə edir. Onun tərəfdarları və pərəstişkarları Tramp+! deyirlər.

Onlar əmindirlər ki, bu dəfə Tramp bütün vədlərini yerinə yetirə biləcək, Amerikanı yenidən Böyük edə biləcək.

Böyük Amerika nə deməkdir? Dünyaya hökmranlıq edən, dünya nizamını müəyyənləşdirən, mütləqi-hakim və son söz sahibi – budur Böyük Amerika!

Buna nail olmaq üçün Tramp onu birinci prezidentliyi dövründə çox incitmiş “dərin dövlət”i dağıtmağı öz qarşısına məqsəd qoyub. Bu “dərin dövlət” isə cəmiyyətin çox dərin qatlarına sirayət etmiş bir qurumdur, onu bel ilə deyil, külünglə deyil, dinamitlə də çıxarmaq mümkün deyil. Onu təmsil edir amerikan bürokratiyası, hansı ki, hədsiz sərvət və imkan sahibidir. “Vaşinqton bataqlığını qurutmaq” arzusu ilə yaşayanlar çox sadəlövh görünürlər.

Avropada “Brüssel bürokratiyası”ndan narazılar Avropa İttifaqını dərindən islah etmək arzusunu bəsləyirlər, bu islahın müxtəlif nəqşələrini müzakirə edirlər. Alınacaqmı? Tək əldən səs çıxmaz, birgə işləmək üçün razılığa gəlinməlidir, necə işləmək məsələsi gündəliyə salınanda hərənin ağzından bir avaz gəlir, üzv dövlətlərin hərəsinin fərqli məqsəd güddüyü bəlli olur. Ya Aİ-ni mərkəzləşdirib vahid hökuməti və vahid iradəsi olan dövlətə çevirmək lazımdır, ya da acizanə onun tədricən aşınmasını seyr etmək qalır.

Eynilə ABŞ-da, Tramp dövlət cihazının səmərəsini artırmaq üçün dolları çap edən Federal Ehtiyat Sistemini ya islah etmək, ya da tam ləğv etmək istəyir. Fəqət qüvvədə olan qanun buna icazə vermir.  Bu qanunu dəyişmək üçün ciddi siyasi döyüşlər getməlidir.

Yeni dövlət qurumu yaradıb başına uğurlu iki iş adamını təyin etmək istəyir, İlon Maska və Vivek Ramasvamiyə tapşırır ki, azı 15 min məmuru ixtisara salsınlar. Onlar da nikbinliklə deyirlər ki, baş üstə, bu, su içmək kimi asandır.

Tramp ölkəyə qanunsuz girmiş 15 milyon miqrantı geriyə, öz ölkələrinə qaytarmağı qarşısına məqsəd qoyub. Bu “Qayıdış” əməliyyatı üçün Tramp büdcədən 80 milyard dollar xərcləməyə hazırdır. Tramp yerli istehsalı himayə etmək üçün xarici mallara, ilk növbədə Çin və Avropa məhsullarına yüksək rüsum tətbiq etmək niyyətindədir. Təbii ki, onlar da amerikan mallarına əlavə rüsum qoyacaqlar.

Tramp “yaşıl enerji” layihəsini ağılsız təşəbbüs sayır və söz verir ki, dərhal bu təşəbbüsdən çıxacaq, bu işə bir dollar belə qoymayacaq.

Tramp əmindir ki, Ukrayna müharibəsini dayandıracaq. Tərəflər onun atəşkəs və ya barış təklifini qəbul etməzsə, müharibə meydanından çəkilib tərəfləri öz başına təklikdə çarə qılmağa qoyacaq. Müharibə Avropada gedir, qoy Avropanın başı ağrısın.

Trampın seçilməsi İsraildə böyük sevinclə qarşılandı. Yəhudilər əmindirlər ki, Tramp onlara Fələstin ərəblərini qırıb çatmağa, yurdlarından tam qovmağa, İrana hücum edib onu Fələstindən əl çəkməyə kömək edəcək.

İranda Trampın seçilməsi yeni mənzərə yaratdı. Rəhbər onun yerinə yeni rəhbərin müəyyən edilməsi tapşırığını verdi. Ruhani müdriklər ağlaşıb dünyaya yeni dövr və yeni tale üçün nə qədər hazır olduqlarını nümayiş etdirdilər.

Mənsə bu niyyətlərin gerçəkləşməsinə az inanıram.  Əminəm ki, Trampın qarşısını elə ABŞ-nin özündə “dərin dövlət” alacaq.

Ana səhifəMənim FikrimcəTramp və dünya