close

Tramp yenidən məhkəmə qarşısına çıxarılacaq

D.Tramp. Foto: Reuters

Sabiq prezidentə 37 bənddən ibarət ittiham irəli sürülüb

ABŞ-ın eks-prezidenti Donald Tramp federal cinayət ittihamı ilə iyunun 13-də Mayamidə ikinci dəfə məhkəmə qarşısına çıxarılacaq.

İyunun 9-da ABŞ federal hakimi ona qarşı 37 bənddən ibarət ittiham irəli sürüb.

Donald Tramp məxfi, o cümlədən milli müdafiə ilə bağlı  sənədləri özündə qanunsuz saxlamaqda və Ağ Evi tərk etdikdən sonra ədalətə əngəl törətməkdə suçlanır.

Prokuror bildirib ki, o, həmin sənədləri Florida malikanəsində gizlədib.

Həmçinin sənədləri FTB əməkdaşlarına və Milli Arxivə verməkdən boyun qaçırıb.

Daha öncə o, pornoaktrisaya aralarındakı cinsi əlaqələr barədə susması üçün etdiyi ödəniş kağızlarını saxtalaşdırmaqda ittiham olunub.

Trampla bağlı irəli sürülən ittihamlar barəsində  “Reuters/Ipsos”in sorğusunda iştirak edənlərin əksəriyyəti işin siyasi motivli olduğuna inandıqlarını deyiblər.

ABŞ-ın milli təhlükəsizlik sənədlərini qanunsuz saxlamaqda və onları geri qaytarmağa cəhd edən məmurlara mane olmaqda ittiham olunan Tramp təqsirsiz olduğunu bəyan edib.

O bildirib ki, 2024-cü ilin noyabrında keçiriləcək Prezident seçkilərində namizəd olmaq istiqamətində kampaniyasını davam etdirəcək.

O, Nyu Cersidən Miyamiyə yola düşməzdən əvvəl “Truth” sosial media platformasında bunları yazıb:

“Ümid edirəm ki, bütün ölkə radikal solun Amerikaya etdiklərini izləyir”.

Tramp demokrat Prezident Co Baydeni onun seçki kampaniyasına zərbə vurmaq üçün federal işi təşkil etməkdə suçlayır.

Bayden onun bu ittihamı qarşısında şərh verməkdən imtina edib. Trampın keçmiş baş prokuroru Uilyam Barr da daxil olmaqla hüquq ekspertləri onun barəsində irəli sürülən ittihamların güclü olduğunu açıqlayıb. İttihamlar arasında müdafiə məlumatlarının icazəsiz saxlanmasını cinayət hesab edən Casusluq Aktının pozulmasına görə 20 ilədək həbs cəzası nəzərdə tutulur.

Floridada hər hansı federal məhkəmə 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərindən sonra baş tuta bilər.

O, həmçinin 2024-cü ilin martında Nyu-York əyalət məhkəməsində porno ulduzun susması üçün pul ödəməsi ilə bağlı ittiham olunan iş üzrə də mühakimə olunacaq.

Ana səhifəSiyasətTramp yenidən məhkəmə qarşısına çıxarılacaq