close

Türkəkəranlılar yağış yağanda palçığa batmaq istəmirlər

Fotolar: Meydan TV

“Şikayətlənəndə deyirlər ki, asfaltın olmaması problem deyil”

Lənkəranın Türkəkəran kəndinin yolları elə vəziyyətdədir ki, göydən bir damla düşən kimi palçıq topuğa qədər qalxır.

Sakinlər deyir ki, yayda tozlu-torpaqlı yolda yenə çətinliklə də olsa yerimək mümkündür, payızda-qışda ayaqqabıların üstünə torba keçirməsələr dizə qədər palçığa batırlar.

Türkəkəran kəndinin sakini Vasif Cəfərovun sözlərinə görə, kəndin yalnız bir marşrutu var, o da 2 saatdan bir gəlir:

“Avtobusa çata bilməsən asfalt yola çıxmaq üçün kilometrlərlə yol getmək lazımdır. Yol da ki, yaylı-qışlı palçıq olur. Şikayətlərdən sonra bələdiyyə yolu ağır texnika ilə hamarladı. Nə asfalt çəkildi, nə də daş döşəndi”.

Sakinlər deyir ki, kəndarası yolların bərbad vəziyyətdə olmasını aidiyyatı qurumlar böyük problem kimi görmürlər.

“Şikayətlənəndə deyirlər ki, asfaltın olmaması problem deyil. Sadəcə yağış yağanda çətinliklər yaranır. Axı kənddə hamının avtomobili yoxdur ki, heç olmasa rayon mərkəzinə gedib-gələ bilsin. Marşrut yaxşı işləmir, yolumuz bərbad gündə, kasıb kənddi güclə dolanırıq”, – Vasif Cəfərov söyləyir.

Kəndlilərin narahatlığına səbəb olan yol təxminən 2 kilometrdən artıqdır. Xüsusilə məktəb yaşlı uşaqlar həm yoldan, həm də marşrut problemindən əziyyət çəkirlər.

Sakinlərdən biri deyib ki, Lənkəranda təkcə kəndlərarası yollar deyil, rayon mərkəzində də əksər küçələr bərbad vəziyyətdədir:

“Məsələn, şəhid Mirxəyal Kazımzadənin adını daşıyan küçəyə asfalt vurulmayıb”.

Lənkəran Rayon İcra Hakimiyyətindən Meydan TV-ə bildiriblər ki, istər şəhəriçi, istərsə də kəndin yolları mərhələli şəkildə təmir edilir. Kənd yolları bələdiyyənin balansındadır və vəsait olan kimi təmir olunacaq.

Ana səhifəBölgəTürkəkəranlılar yağış yağanda palçığa batmaq istəmirlər