Kılıcdaroğludan çadır istehsal edən şirkətlərə çağırış
Cümhuriyyət Xalq Partiyasının (CHP) başqanı Kamal Kılıcdaroğlu çadır istehsal edən şirkətlərə müraciət edib.
Partiya başqanı zəlzələ bölgələrində əsas problemlərə toxunub:
“Böyük problemlər var, indiyə qədər bizə deyilən əsas problem çadırdır. Çöldə gecələyən çoxlu malatyalı var. Burada çadırlarla bağlı açıq çağırış edirəm: bütün zəlzələ bölgələrinə çadırlar göndərilməlidir. İnsanlar, həqiqətən, soyuqdan əziyyət çəkirlər, deyirlər ki, bizə çadır göndərin”.
“Çadır istehsal edən bütün şirkətlərə səslənirəm: çadır ehtiyatınız varsa, lütfən, böyük şəhər merlərimizlə əlaqə saxlayın və neçə çadırınız olduğunu bizə bildirin. Biz onları alıb zəlzələ bölgələrinə göndərəcəyik”.
Kamal Kılıcdaroğlu qeyd edib ki, Kızılay və AFAD-ın çadır ehtiyatları haradadır:
“Bunlar bir şəkildə düşünülüb hazırlanmalı idi. Onların çatdırılmaması böyük problemdir. Burada yenə də hökumətə səslənir, xahiş edirəm ki, bu problemi həll edin. Bizə bildirin ki, hansı müəssisələrdə çadır var, biz onları götürüb bütün zəlzələ bölgələrinə göndərək”.

Türkiyədə zəlzələ ilə bağlı istintaq başlayıb
Qaziantepdə zəlzələ nəticəsində çökən Ayşe Mehmet Polat sahəsinin podratçısı və texniki nümayəndəsi Mehmet Ertan Akayın həbsi üçün istintaq başladılıb.
Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ dağılan binalarla bağlı araşdırmaların davam etdiyini bildirib:
“Məhkəmə prosesləri Baş Prokurorluq tərəfindən həyata keçirilir. Dağılan binalarla bağlı başlanan araşdırmalar davam edir, günahkarlar tapılacaq və məhkəmə qarşısında cavab verəcəklər”.
“Sübutların toplanması, günahkarların müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi üçün hər cür səy göstərilir. Həbs qərarı və buna etinasızlıq edənlərin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı hər cür təhlükəsizlik tədbirləri görülür”, – deyə o qeyd edib.

Zəlzələdən ölənlərin sayı 21 mini ötdü
Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 21 min 43-ə çatıb. 80 min 97 nəfər yaralanıb.
Bu açıqlamanı fevralın 11-də Diyarbəkirdə olan Prezident Tayyib Ərdoğan səsləndirib.
Bildirilib ki, 12 min 141 bina dağılıb.

Ərdoğan qərarları açıqladı
Prezident Tayyib Ərdoğan universitetlərdə yaya qədər distant təhsilin olacağını bildirib.

Diyarbəkirdə çıxış edən Ərdoğan zəlzələ ilə bağlı alınan yeni qərarları açıqlayıb. Ərdoğan qeyri-müəyyən tətil elan edilən universitetlərin yaya qədər distant təhsilə keçdiyini bildirib.
Bu çərçivədə KYK yataqxanaları zəlzələ qurbanlarının istifadəsinə açılacaq.
Xatırlatma
Türkiyənin cənub şərqində fevralın 6-da 7,7 bal gücündə zəlzələ baş verib.
Episentri Kahramanmaraşın Pazarcık bölgəsi olan zəlzələ baş verdiyi ərazidən başqa Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hataya da təsir edib.
Zəlzələnin əhatə etdiyi 10 bölgədə fövqəladə vəziyyət elan edilib.
Türkiyədə baş verən zəlzələ Suriyanı da vurub.
Son açıqlanan rəqəmə görə, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 21 min 43-ə çatıb.