close

Ukraynada helikopter qəzası: 3 uşaq, nazir və müavini həlak olub (yenilənib)

Brovari şəhərindəki uşaq bağçası/ Foto: Twitter

Ölənlərin sayı 3-ü uşaq olmaqla 18 nəfərə çatıb, 29 yaralının olduğu bildirilir

Kiyev Vilayət Hərbi Administrasiyasının yaydığı son məlumata görə, 3-ü uşaq olmaqla ölənlərin sayı 18 nəfərə çatıb.

Məlumatı “Hromadske” yayıb.

Bildirilir ki, yaralıların sayı 15-i uşaq olmaqla 29 nəfərə çatıb.

Baş prokuror Andrey Kostin qeyd edib ki, faciə yerində müstəntiqlər və ekspertlər işləyir.

“Faktla bağlı təcili araşdırmalar aparılır. Hazırda biz helikopter qəzasının bütün mümkün versiyalarını nəzərdən keçiririk. İbtidai istintaq Ukrayna Təhlükəsizlik İdarəsinin müstəntiqlərinə həvalə edilib”, – o, açıqlamasında bildirib.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının nümayəndəsi Yuri İqnat Brovarıdakı qəzanın səbəbləri barədə danışmaq üçün hələ tez olduğunu deyib.

O bildirib ki, faciənin baş verməsinə səbəb ola biləcək bir neçə amil var.

“Komissiya səbəbləri araşdıracaq. Bu bir-iki günə olmayacaq, çünki aviaqəzanın araşdırılması bir qədər vaxt aparır. Düşünürəm ki, müxtəlif aviasiya mütəxəssislərinin daxil olduğu dövlət komissiyası yaradılacaq. Onlar baş verənlərin səbəblərini və helikopterin qəzaya uğramasına hansı amillərin təsir etdiyini araşdırırlar”, – deyə o bildirib.

İqnat əlavə edib ki, bütün məlumatları, xüsusən də radiomübadilə və helikopterin texniki vəziyyəti haqqında hər şeyi öyrənmək lazımdır.

Onun sözlərinə görə, bu, ən azı bir neçə həftə davam edəcək, çünki texniki araşdırma müəyyən vaxt aparır.

Prezident Administrasiyası rəhbərinin müavini Kirill Timoşenko bildirib ki, Daxili İşlər Nazirliyinin rəhbərliyi helikopterlə işgüzar səfərə – “qaynar” nöqtələrdən birinə gedirmiş.


Ümumilikdə 16 nəfərin öldüyü bildirilir

Yanvarın 18-də Kiyevin şərqindəki Brovari şəhərindəki uşaq bağçasının yaxınlığında helikopter qəzaya uğrayıb.

Nəticədə ikisi uşaq olmaqla, Ukraynanın daxili işlər naziri Denis Monastırski, onun birinci müavini Yevgeni Yenin və nazirliyin dövlət katibi Yuri Lubkoviç həlak olublar.

Ümumilikdə 16 nəfərin öldüyü bildirilir.

Xəsarət alanların sayı isə 22-dir. Onlardan 10 nəfəri uşaqdır.

Hələlik qəzanın səbəbləri məlum deyil, lakin sosial media hesablarında qəza nəticəsində yanan binanın görüntüləri yayılıb.

“Telegram” kanalında bu barədə məlumat verən Kiyev qubernatoru Oleksey Kuleba bildirib ki, hadisə zamanı bağçada uşaqlar olub:

“Uşaqlar və müəssisənin işçiləri dərhal evakuasiya edilib, lakin yenə də ölənlər var”.

Ukrayna Prezidentinin aparat rəhbərinin müavini Kiril Timoşenko ölənlər və qəzanın baş vermə səbəblərinin  araşdırıldığını söyləyib.

Ana səhifəDünyaUkraynada helikopter qəzası: 3 uşaq, nazir və müavini həlak olub (yenilənib)