Zərdüşt Əlizadə
Vitaliy Portnikovun qəzəb doğuran fikirləri
Rəiyyətin əksəriyyəti Rusiyanın Ukraynaya qarşı apardığı barbar müharibədə haqq-ədalətin tərəfindədir. Bu haqq-ədalətin nəmənə olduğunu dəqiq bilmək mümkün deyil, zira rəiyyətin hər birinin haqq-ədalətə dair öz şəxsi mizan-tərəzisi var. Buna görə müharibənin səbəbləri barədə çox fərqli fikirlər eşidə bilərsiniz: günah xoxollardadır, niyə NATO-ya girmək istəyirdilər? Ta ona qədər ki: az qalıb, bu Rusiyanın axırına az qalıb, buynuzsuz keçinin qisasını buynuzlu keçi alacaq. Müxtəsər, haqq-ədalət kimin hansı cibinə xeyirdir, onu elə orada da tapır. Ukraynada məşhur bir jurnalist və siyasi təhlilçi var, ekranlardan düşmür və hər şeyi şərh edir. Onun pərəstişkarları onun savadını önə çəkirlər, bədxahları onun cinsi kimliyini. Ərəb məsəlində deyilir: hərə öz Leylisindən deyər.
Biz insaf tərəfdarıyıq, etiraf edək ki, onun məlumat bazası çox genişdir, dildən pərgardır və həqiqi hərşeyşünasdır. O cümlədən, Cənubi Qafqazın hadisələrini də şərh edir. Təbii ki, Azərbaycanın xeyrinə nə isə deyəndə tərif və yaltaqlıq milli ənənə kökü üzərində bitib-böyümüş rəiyyət savadlı və cəsarətli Vitaliy Portnikovu təqdir edir, barəmizdə tənqidi söz deyəndə dişinin dibindən çıxanı yağdırır bu xotkarın başına.
Bizim növcavan Milli Əgəmənlik bayramımız münasibətilə həmin bu Vitaliy Portnikov bir dənə müsahibə verib. Bilmirəm, səbəbi nə olub, bəlkə qarnı sancırmış, bəlkə dişi ağrıyırmış, dəqiq bilinmir, fəqət cənab Portnikov əməlli-başlı əsəbiymiş bu müsahibəni verən zaman, buna görə bizim son Milli Məclis seçkilərinin xəcalətindən necə ki, lazımdır, çıxıb. Əşşi, deyib, deyib də, nə olar?
Lakin Cənab Portnikov rəiyyətin müqəddəsatına toxunub, həmin o müqəddəsata ki, ona görə bütün dünyada bütün rəiyyətlər bütün əsrlərdə bir-birini amansızlıqla qırıb. Yəni cənab Portnikov bizim padşaha sataşıb. Sataşıb deyəndə ki, bəlkə də tərifləyib, dəqiq bilinmir, amma deyib ki, Prezident İlham Əliyev son müharibədə tək Ermənistana deyil, həm də Azərbaycan xalqına qalib gəlib. Di gəl ki, bizim bəzi başbilənlər bu sözlərdən inciyib. Mənə qalsaydı, vecimə almazdım. Xoşbəxtlikdən, zəmanə dəyişib, Stalin və Beriya dəxi yoxdur, bu səbəbdən heç kəs cənab Portnikovu divara söykəyə bilmədi, ancaq cavabını qiyabi də olsa, yəni cənab Portnikov özü olmaya-olmaya, layiqincə verdi.
Cavaba daxil idi:
1. Get öz Ukraynavın dərdini çək.
2. Biz bilirdik ki, siz məharətlə pərdələnmiş ermənipərəstsiniz, indi özünüzü ifşa etdiniz.
3. Bizim Milli Məclisin təzə tərkibinə nə olub ki, ağlı olan gərək bu yeni deputatların ağlına qibtə etsin.
4. Seçkili demokratiya dünyada ən səfeh və səmərəsiz icaddır, bütün dünyada bütün rəiyyətin başına nə gəlibsə, hamısı bu seçkili demokratiyanın ucbatından gəlib.
5.Əgər seçkili demokratiya kiminsə karına gələ bilirdisə, ə bə niyə Ermənistanın karına gəlmədi?
6.Demokratik seçki yolu ilə seçilmiş Fransa senatorlarının ağlına duanı heç bir molla yazammaz. Və sair və ilaxır.
Şanlı hərbi-milli qələbəmizi və Müzəffər Ali Baş Komandanı müdafiə etmək istəyənlərin zəngin təxəyyül və biliyi sübut etdi ki, bundan sonra bizə zaval yoxdur. Yeri gəlib, elmi təsvir və təsnifat üsullarını işə salmağın dəmidir. Rəiyyətin içində elələri var ki, belə etməyə məcburdurlar.
Məsələn, deyilənə görə, dahi bəstəkar Dmitriy Şostakoviç Stalinin kef məclislərində digər görkəmli sovet mədəniyyət işçilərindən təşkil edilmiş rəqs ansamblının tərkibində rəqs edərmiş. Rəqs edə-edə Allaha şükür edərmiş. Niyə? Əlində külüng Sibirin qızıl və ya uran mədənlərində daş süxurları yarmağa məcbur edilmədiyinə görə. Çox düzgün düşünürmüş. Lakin elə rəiyyət də var ki, belə işləri könüllü edir.
Məsələn, həmin bu kef məclislərində Nikita Sergeyeviç Xruşşov özü könüllü olaraq qopak rəqsini oynayarmış. Bu rəqs çox oynaqdır, rəqqas gərək iki ayağını yerdən eyni vaxtda üzüb ucaya hoppanıb düşsün. Bəstəboy və gombul Xruşşov elə hoppanıb elə düşərmiş ki, hamı uğunub gedərmiş. Ümumi gülüş və sevinc onunla nəticələnmişdi ki, Stalin Xruşşovu öz kef məclislərinə həmişə çağırardı. O da qopak oynayardı. 1956-cı ildə Sov.İKP-nin XX qurultayına, şəxsiyyətə pərəstişin ifşasına qədər rəqs edib oynadı. Yəni təsnifata görə var məcburi rəqs, var könüllü rəqs. Hansı daha yaxşıdır, məlum deyil.
Qaldı Vitaliy Portnikovun verdiyi siyasi qiymətlərə, sizin həqir bəndənizin rəyinə görə, onun Cənubi Qafqazdakı siyasi hadisələrin mahiyyətindən və məzmunundan əsla xəbəri yoxdur. Bu Cənubi Qafqaz dünyada misli-bərabəri olmayan ecazkar bir məkandır. Burada xalq siyasi meydana atılırsa, onun əsl adı dəyişib olur yunanca oxlos, onun əldə etdiyi azadlığın əsl adı olur dərəbəylik, xoşbəxtliyi isə pul vahidlərinin kəmiyyəti ilə ölçülür. Odur ki, Vitaliy Portnikov bildiyi mətləblərdən danışsa, düzgün olar.
Məncə, Vitaliy Portnikovun hətta Ukrayna xalqından xəbəri yoxdur, qaldı erməni və ya, məsələn, Azərbaycan xalqlarından. Di gəl ki, anlayıram, hərə öz çörəyini bacardığı üsulla çıxarır. Vitaliy Portnikov seçkili demokratiyanı mədh etməklə, onu tənqid edənlər bizim zəfərimizin və ərazi bütövlüyümüzün vəsfi ilə. Burada nə qəribəlik var ki?