close

Vardanyanın filmi qalib oldu, azərbaycanlı kinoşünaslar hökuməti tənqid etdilər

Ermənistan-film, Foto: AlexLMX/shutterstock

“Gərək erməni kinematoqrafçılar nüfuzlu müsabiqələrdə qalib olsunlar ki, biz ayılaq?”

Noyabrın 8-dən 19-dək Amsterdamda 36-cı Amsterdam Sənədli Filmlər Festivalı – IDFA keçirilir.

Festivalın “Ən yaxşı film” nominasiyasında erməni rejissor Şoqaqat Vardanyan “1489” filmi ilə qalib olub.

Filmin mövzusu rejissorun şəxsi hekayəsidir.

Onun qardaşı İkinci Qarabağ müharibəsi zamanı hərbiyə yollanıb, sonra isə itkin düşüb, daha sonra isə nəşinin qalıqları tapılıb.

Rejissor bu prosesi öz telefonu ilə çəkərək filmə çevirib.

Bu, Azərbaycanın kino ictimaiyyəti tərəfindən narazılıqla qarşılanıb.

Rejissor və kino tənqidçiləri İkinci Qarabağ müharibəsi haqqında istər bədii, istərsə də sənədli filmlərin çəkilməməsi, beynəlxalq film festivallarında nümayiş etdirilməməsindən şikayətçidirlər.

Sevda Sultanova, Foto: Kulis.az

Kino tənqidçisi Sevda Sultanova məsələyə münasibətini “Telegram” kanalında bildirib.

“Xarici siyasətimizdə və hərb meydanında qazandığımız uğurları kino sahəsində də görmək istəyirik və bunu Kino Agentliyindən tələb edirik. Gərək erməni kinematoqrafçılar nüfuzlu müsabiqələrdə qalib olsunlar ki, biz ayılaq?”– Sevda Sultanova yazıb.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov da məsələyə biganə qalmayıb:

Əli İsa Cabbarov
Foto: sosial şəbəkə

Qarabağda itkin düşən, bir ildən sonra sümükləri tapılan erməni əsgəri haqda sənədli film, sənədli kinonun bir nömrəli festivalında, İDFA-da baş mükafatı qazanıb. Bu hələ İDFA-dır, “Kann” və “Oskar”ı gözləyəcəyik, yoxsa kino sahəsində dövlət vəsaiti idarəçiliyində yaranmış çaşqınlığı çevik ləğv edib, kəmiyyət və keyfiyyətcə yüksək addımlar atacağıq?”.

Kino tənqidçisi Hacı Səfərov Meydan TV-yə deyir ki, IDFA dünyanın ən nüfuzli sənədli film festivalı hesab edilir:

Hacı Səfərov

Hətta filmin festivalda nümayişi üçün seçilməsi belə böyük bir uğurdur. Bu həm də çıxış edən ölkənin ideyalarının yayılması, onu yansıtmaq məsələsidir. IDFA festivalında “Ən yaxşı rejissor” mükafatına fələstinli rejissor (Mohammed Cabali “Həyat gözəldir”) layiq görülüb. Bu da o deməkdir ki, dünyada baş verən hadisələri bu festivallar dünyaya göstərirlər”.

İncəsənətin ətrafımızda, dünyamızda baş verənləri göstərmək funksionallığı da var. Bizdə lazımi mexanizmlər yoxdur, qurulmur. Bu barədə dəfələrlə müzakirələr olub. Görünür, onların öz bildikləri var. Öz bildiklərini edirlər. Öz bildiklərinin də nəticəsi göz qabağındadır. Bu hamısı kinoya cavabdeh olanların yarıtmazlığı, işbilməzliyidir”, – deyə o bildirib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf  7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda anti-terror əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib. 

Ana səhifəMədəniyyətVardanyanın filmi qalib oldu, azərbaycanlı kinoşünaslar hökuməti tənqid etdilər