close

Vasif Talıbovun bağlanan idman “obyektlər”i

Foto: Azərtac

Turan Muxtar

Baş verənlər yüzlərlə qəmli əhvalatdan, nümunədən sadəcə biridir

Son iki gündə Naxçıvanla bağlı iki xəbər oldu ki, diqqətdən kənarda qala bilməzdi.

Birincisi; Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası fəaliyyətini dayandırıb. Əsası 2002-ci ildə qoyulan federasiya fəaliyyətini dayandırıb və ləğv olunub. Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov idi.

İkincisi; Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası fəaliyyətini dayandırıb. Qurum ləğv olunub. Federasiya 2002-ci ildən fəaliyyət göstərirdi.

Nə baş verir?

Naxçıvan adlı yekə “obyekt” Muxtar Respublikanın Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun əlindən alınandan sonra onun kiçik “obyektlər”i də sıra ilə ləğv edilir. Bu arada, Seymur Talıbov Vasif Talıbovun oğludur. Şahmat Federasiyası da belə demək mümkünsə, atanın oğula hədiyyəsi idi…

Azərbaycanda ilk dəfə deyil ki, hansısa yüksək vəzifəli şəxs işdən çıxarılandan sonra onun idman sahəsindəki “obyektlər”i də sıradan çıxarılır, ləğv edilir. Və bütün bunlardan sonra bığlı-saqqallı kişiləri telekanallara, qəzetlərə, saytlara çıxarıb, onları məcbur edirlər ki, Azərbaycanın idman ölkəsi olması, idmana böyük qayğı və diqqətin olduğu haqda danışsınlar. Ya da, məcbur etmirlər, yaltaqlığın “Everest”inə yüksəlmiş bu adamlar özləri bülbül kimi “oxuyurlar”.

Hansısa iriçaplı məmurlara, yüksək vəzifəli şəxslərə, fərdlərə bağlı olan, “ölsə”, öləcək, qalsa, qalacaq federasiyalar, klublar, komandalar, xülasə, hamısı Azərbaycanda idmana münasibəti və “qayğı”nı çılpaqlığı ilə göstərmirmi? Vasif Talıbov və onun “obyektlər”inin başına gələnlər yüzlərlə qəmli əhvalatdan, nümunədən sadəcə biridir.

Ana səhifəİdmanVasif Talıbovun bağlanan idman “obyektlər”i