Onun öz həkimləri tərəfindən müayinə edilməsinə razılıq verilib
“Toplum TV” internet televiziyası və eyni adlı portalın təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədlinin müayinə ediıməsi üçün hospitala köçürülməsinə dair şikayətinə baxılıb.
Bu barədə onun vəkili Aqil Layıc məlumat verib. Vəkilin sözlərinə görə, istintaq da şikayətə etiraz etməyib. Nəticədə Ələsgər Məmmədli biopsiya edilməsi üçün özünün seçdiyi hospitalda, öz həkimləri tərəfindən müayinə ediləcək və qısa müddətlik hospitala köçürüləcək.
Hüquqşünasın səhhətində ciddi problemlər olduğu bildirilir. Ötən ay onun ev dustaqlığına buraxılması üçün vəsatət verilsə də, Xətai Rayon Məhkəməsi onu təmin etməmişdi.
Aqil Layıc vurğulamışdı ki, hələ həbsindən öncə o, xərçəng şübhəsi ilə müayinədən keçirdi. Elə onu klinikadan çıxarkən tutublar.
Ələsgər Məmmədlinin boğazında şiş var və onun getdikcə böyüdüyü bildirilir.
“Şiş böyüyür, boğulma yaradır. Təcili müayinə və müalicə olunmalıdır, əks halda, gec ola bilər. Ən azı, humanizm prinsipləri baxımından həbsdən buraxılmalıdır. Bu adamın istintaqdan yayınmaq niyyəti yoxdur, yaşayış yeri məlumdur”, – Aqil Layıc əlavə edib.
Aqil Layıc Meydan TV-yə bildirib ki, qalxanabənzər vəzdəki şişin böyüməsi başqa orqanlara da təsir göstərir:
“Qan təzyiqi ilə bağlı da problem yaranıb”.
Həmin vaxt Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi Ələsgər Məmmədlinin səhhətində kəskin problemlər olması haqda deyilənləri təkzib edirdi. Hüquqşünasın müayinəsinin nəticələrilə bağlı rəydə iddia olunur ki, Ələsgər Məmmədlinin müayinəsinin nəticələri Milli Onkologiya Mərkəzinin həkimi ilə təhlil olunub və onda hazırda kəskin onkoloji proses izlənilmədiyi məlum olub. Əlavə olunub ki, boğazındakı düyünün histoloji müayinəsinin təcili aparılmasına da zərurət yoxdur.
Martın 6-da “Toplum” internet televiziyasının ofisində polisin axtarışı olub və qapısı möhürlənib. Media orqanıyla bağlı cinayət işi üzrə ümumilikdə 9 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, ikisinin isə istintaq dövründə azadlıqda qalmasına qərar verilib.
Həbs olunanlar arasında “Toplum TV”-nin təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədli, video-redaktor Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, III Respublika Platformasının Qurucu Heyət üzvü Ruslan İzzətli və digərləri var.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb. İddia olunur ki, axtarış zamanı ofisdən və təqsirləndirilən şəxslərin evlərindən külli miqdarda xarici valyuta tapılıb. Lakin təqsirləndirilən şəxslər bu ittihamın saxta olduğunu, pulların da axtarış aparılan məkanlara polislərin özləri tərəfindən qoyulduğunu, daha sonra götürüldüyünü bildirirlər. Onlar hesab edir ki, siyasi sifarişlə həbs olunublar, məqsəd də ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.