close

Vəkili Bəxtiyar Hacıyevin aclıq aksiyasını dayandırmasından xəbərsizdir

Foto: Bəxtiyar Hacıyevin şəxsi arxivindən

“Hətta vəkilləri ilə telefon danışıqlarına qadağa qoyulub”

Dekabrın 15-də öz məhkəməsində həbsdə aclığa başladığını elan edən ictimai fəal Bəxtiyar Hacıyevin dekabrın 18-də aksiyanı dayandırdığı iddia olunur. Bu barədə Penitensiar Xidmətdən məlumat verilib.

“Bəxtiyar Hacıyevlə aparılan  profilaktik söhbətdən sonra o, aclıq aksiyasını dayandırmağa razılaşıb və normal qida qəbuluna başlayıb”, – Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov “Qafqazinfo”ya belə deyib.

İctimai fəalın vəkili Aqil Layıc Meydan TV-yə bildirib ki, bu məlumatı nə təsdiq, nə də təkzib edə bilər. Çünki ümumiyyətlə, xəbəri dəqiqləşdirmək imkanı yoxdur. Səbəb də budur ki, onun həftədə iki dəfə telefonla danışmaq hüququ məhdudlaşdırılır:

“Bəxtiyar Hacıyevin telefon danışığı hüququ məhdudlaşdırılıb. Hətta vəkilləri ilə telefon danışıqlarına qadağa qoyulub. Qanunda vəkillərlə telefon danışığına qadağa qoyulması mümkün deyil, heç bir halda məhdudlaşdırıla bilməz. Bəxtiyar Hacıyevin xeyli sayda vəkili var. Onunla sonuncu görüşümdə vəkillərin nömrələrini ona təqdim etmişəm ki, vacib və ictimai əhəmiyyət daşıyan məsələlərdə birbaşa vəkillərinə məlumat versin. Bəxtiyar Hacıyev aclığı dayandırıbsa, biz həqiqətən bunu arzu edirik, şərait yaradılsın ki, dərhal vəkillərindən birinə zəng edib aclığı dayandırması haqda xoş xəbəri bildirsin. Biz də bunu elan edək”.

Aqil Layıc əlavə edib ki, əks halda, dəqiq məlumatı dekabrın 19-da əldə edəcək. O, səhər saat 9 radələrində Bakı İstintaq Təcridxanasında Bəxtiyar Hacıyevə baş çəkib, məlumatı dəqiqləşdirməyə çalışacaq.

Aqil Layic. Foto: “Amerikanın səsi”

Müdafiəçi deyir ki, ictimai fəalla sonuncu dəfə dekabrın 16-da görüşüb. Həmin görüşdə nə qədər israr eləsə də, o, bu fikrindən yayınmayıb:

“Ümid edirəm, əgər dayandırmayıbsa da, sabah (dekabrın 19-da) görüşəndə onu bu yoldan çəkindirə biləcəm. Bizə ilk növbədə onun sağlamlığı lazımdır”.

Bəxtiyar Hacıyev dekabrın 9-da həbs olunub. O, Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur.

Cinayət Məcəlləsinin 221.1 maddəsində 1000 manatdan 3000 manata qədər cərimə, yaxud 1 ilədək islah işləri və ya 1 ilədək azadlığın məhdudlaşdırılması, yaxud da 1 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulub.

Cinayət Məcəlləsinin 289.1 maddəsində isə 500 manatdan 1000 manatadək  cərimə və ya 320 saatdan 400 saata qədər ictimai işlər və ya 6 aya qdər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir. Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.

Bir müddət öncə sosial şəbəkələrdə Yasamal rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı. Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır. İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir.

Bu iş üzrə uzun müddət idi ki, Bakı şəhər Baş Polis İdarəsində araşdırma gedirdi. Bəxtiyar Hacıyev dəfələrlə polisin məsələni obyektiv araşdırmamasından şikayətlənib, hətta buna görə Daxili İşlər Nazirliyinin qarşısında etiraz aksiyası da keçirməyə cəhd göstərib.

Lakin Daxili İşlər Nazirliyi onun iddialarının əsassız olduğunu bəyan edirdi.

Bəxtiyar Hacıyev Daxili İşlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edir. O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi. O, 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qalıb. Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.

Ana səhifəSiyasətVəkili Bəxtiyar Hacıyevin aclıq aksiyasını dayandırmasından xəbərsizdir