close

Vəkili Bəxtiyar Hacıyevin səhhətinin kəskin pisləşdiyini deyir

Bəxtiyar Hacıyev. Foto: Meydan TV

İctimai fəal aclığı dayandırmamaqda israrlıdır

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev vəkili vasitəsilə xəbər göndərib ki, aclığı dayandırmamaqda israrlıdır. Bu səbəbdən də ona aclıq aksiyasını dayandırmaq haqda müraciətlərin, xahişlərin göndərilməməsini istəyir. Bu barədə onun vəkili Zibeydə Sadıqova məlumat verib.

Vəkil yanvarın 30-da Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasında Bəxtiyar Hacıyevlə görüşüb. Müdafiəçi Meydan TV-yə bildirib ki, yanvarın 9-dan başladığı aclıq aksiyası müvəkkilinin səhhətində kəskin problemlər yaradıb. Zibeydə Sadıqova deyir ki, Bəxtiyar Hacıyev həbsdə saxlandığı təxminən ay yarımlıq müddətdə 13 kiloqramdan artıq çəki itirib.

“Mədəsində problemlər yaranıb, qanda şəkərin miqdarı azalıb. Qan təzyiqi çox aşağıdır. Həkimlər də ona fəsadlar barədə xəbərdarlıq ediblər. Amma Bəxtiyar Hacıyev vəkillərinin də xahişlərinə baxmayaraq, aclığı dayandırmaqdan imtina edir”, – vəkil bildirib.

Zibeydə Sadıqovanın sözlərinə görə, müvəkkili özünü təqsirsiz hesab edir və qanunsuz həbsinə bu üsulla etiraz edir: “Bəxtiyar Hacıyev bildirir ki, heç bir cinayət törətmədiyim halda, həyatımın bir hissəsi faktiki oğurlanır, mən də bu yolla etiraz edirəm”.

Dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur. Bu maddələrdə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir. Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.

Bir müddət öncə sosial şəbəkələrdə Yasamal rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı. Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır. İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir.

Lakin Bəxtiyar Hacıyev Daxili İşlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edir. O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi. O, 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qaldığını deyirdi.

Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.

Ana səhifəXəbərlərVəkili Bəxtiyar Hacıyevin səhhətinin kəskin pisləşdiyini deyir