close

Venesiya Komissiyası yeni qanun layihəsi ilə bağlı ReAl-ın sorğusuna cavab verib

İlqar Məmmədov. Mənbə: Real Partiyası

İlqar Məmmədov: “Hökumət Venesiya Komissiyası ilə məsləhətləşməyib”

Bu qanun layihəsi müsbət beynəlxalq rəy alacaq layihə deyil”.

Respublikaçı Alternativ Partiyası (ReAl) Avropa Şurası Venesiya Komissiyasına “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı göndərdiyi sorğuya cavab alıb.

Bu barədə noyabrın 24-də partiyadan Meydan TV-yə məlumat verilib.

Partiyanın sədri İlqar Məmmədov bildirib ki, Venesiya Komissiyası və Avropa Şurasının digər məsul qurumları “Siyasi partiyalar haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı Azərbaycan hökuməti ilə heç bir məsləhətləşmədə iştirak etməyib:

“Beləliklə, hökumət çox da “Venesiya-Venesiya” deyib ictimaiyyəti çaşdırmasın. Bu qanun layihəsi müsbət beynəlxalq rəy alacaq layihə deyil”.

REAL sədrinin sözlərinə görə, 2 aydır ki, hakimiyyət guya qanun layihəsinin Venesiya Komissiyasının müsbət rəyini aldığı, yaxud onunla məsləhətləşmədə hazırlandığı təəssüratını yaratmaq istəyib:

“Ancaq bizim sorğumuza verilən cavab bunların doğru olmadığını göstərir”.

Noyabrın 21-də Milli Məclis “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni redaksiyasında bir sıra dəyişikliklərin olması barədə məlumat yayıb.

Milli Məclisdə müzakirəyə çıxarılan “Siyasi partiyalar haqqında” yeni qanun 6 fəsildən, 30 maddədən ibarətdir.

Azərbaycanda “Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə hazırlanaraq qəbul edilib.

Qanuna sonuncu dəfə 2012-ci ildə dəyişiklik olunub.

Ana səhifəSiyasətVenesiya Komissiyası yeni qanun layihəsi ilə bağlı ReAl-ın sorğusuna cavab verib