close

Vətəndaş cəmiyyəti nümayəndələri müstəqil mediaya basqını pisləyir

Ülvi Həsənli, Sevinc Vaqifqızı və Məhəmməd Kekalov. Foto: Meydan TV

Hakimiyyəti “AbzasMedia” əməkdaşlarını sərbəst buraxmağa çağırır

Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri “AbzasMedia”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı və ictimai fəal Məhəmməd Kekalovun həbsini siyasi sifariş sayır.

Bu barədə yaydıqları bəyanatda bildirilir ki, hər üç ictimai fəalın saxlanılmasının əsas səbəbi “AbzasMedia”nın tənqidi fəaliyyəti, apardığı araşdırmalardır.

“Təəssüf ki, jurnalistlər daxil olmaqla, ictimai fəalların həbsi yenə də kobud prosessual pozuntularla müşayiət olunur. Ülvi Həsənli saxlanılandan yalnız bir neçə saat sonra onun vəkili ilə görüşməsinə izin verilib. O, Bakı Şəhər Baş Polis İdarəsində saxlanıldığı müddət ərzində işgəncə və digər qeyri-insani rəftara məruz qaldığını bildirib. Onun cinayət prosesinin ən kritik mərhələsində vəkilsiz inkommunikado vəziyyətində saxlanması həmin müddət ərzində aparılan prosedurların qanuniliyini şübhə altına alır”.

“AbzasMedia”nın ofisindən 40 min avro tapılması ilə bağlı iddialara gəlincə, bəyanatda bildirilir ki, axtarış proseduru tamamilə polis əməkdaşlarının nəzarəti altında həyata keçirildiyi üçün bu iddianın doğru olub-olmadığını sübut etmək vəzifəsi axtarışı həyata keçirən qurumun üzərinə düşür. Bununla belə, öz tənqidi fəaliyyəti ilə tanındığı üçün hədəfdə olan bir media qurumunun ofisində hər kəsin rahatlıqla görəcəyi bir yerdə bu qədər məbləği saxlaması ağlabatan deyil:

“Məhəmməd Kekalovun uzun müddət ərzində inkommunikado vəziyyətində saxlanması, ailəsinin seçdiyi vəkil tərəfindən müdafiə olunmasına icazə verilməməsi onun işgəncə və qeyri-insani rəftara məruz qalması, etirafedici ifadələr alınması üçün təzyiq altında saxlanması ilə bağlı şübhələri artırır”.

Vətəndaş cəmiyyəti nümayəndələri bildirirlər ki, media hakimiyyət orqanları da daxil olmaqla dövlət institutları üzərində səmərəli nəzarətin əvəzedilməz mexanizmlərindən biridir. Azad medianın mövcud olduğu dövlətlərdə iqtisadi, siyasi, sosial vəziyyətin inkişaf səviyyəsi diqqətə alınsa, hakimiyyət orqanları müstəqil medianın təşviq edilməsinə can atmalı, “AbzasMedia” kimi müstəqil media qurumlarını öz fəaliyyətlərində çatışmazlıqların ortadan qaldırılması və korrupsiya başda olmaqla, dövləti sarsıdan ciddi hüquqpozmalarla mübarizədə ictimai nəzarət vasitəsi olaraq görməlidir:

Hər hansı bir xarici dövlətlə münasibətlərin gərginləşməsi dövlət institutlarının diqqətini çatışmazlıqlara çəkməklə “ictimai nəzarətçi” missiyasını yerinə yetirən jurnalistlər və digər ictimai fəallar üzərində təzyiq üçün arqumentə çevrilməməlidir”.

Bəyanat müəllifləri qeyd edilən səbəblərdən dövlət orqanlarını “AbzasMedia” başda olmaqla, müstəqil media qurumlarına təzyiqi dayandırmağa və ictimaiyyətin heç bir maneə olmadan ictimai əhəmiyyətli məsələlərlə bağlı məlumat əldə etmək hüququna müdaxilə etməməyə çağırır. Bundan başqa, bəyanatda səlahiyyətli orqanlar Ülvi Həsənlinin saxlanıldıqdan sonra uzun müddət vəkillə təmin edilməməsinin səbəblərini, işgəncə və qeyri-insani rəftara məruz qalması ilə bağlı iddialarını vaxt itirmədən obyektiv araşdırmağa, Məhəmməd Kekalovun ailəsinin seçdiyi vəkil ilə görüşünə icazə verməyə, hər üç ictimai fəalı azad etməyə səslənir.

“AbzasMedia”nın direktoru Ülvi Həsənli noyabrın 20-də xaricə gedərkən saxlanılıb. Günorta saatlarına qədər onun hansı qurum tərəfindən saxlanıldığı ilə bağlı ailə üzvlərinə və vəkilinə heç bir məlumat verilməyib. Yalnız hüquq mühafizə orqanlarının müxtəlif strukturları ilə kommunikasiyadan sonra onun Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanıldığı məlum olub. Həmin gün günorta saatlarında “AbzasMedia”nın ofisində axtarış olub. Hüquq mühafizə orqanlarının tam nəzarəti altında keçirilən axtarış nəticəsində ofisdən 40 min avro nağd vəsait aşkar edildiyi iddia edilib. Eyni gündə ictimai fəal Məhəmməd Kekalov mülki geyimli polis əməkdaşları tərəfindən evindən aparılıb.

Noyabrın 21-də xaricdən Azərbaycana gələn “AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızı Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ülvi Həsənli və Sevinc Vaqifqızı Cinayət Məcəlləsinin 206.3.2.-ci maddəsi ilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) nəzərdə tutulan əməli törətməkdə ittiham edilərək barələrində həbs qətimkan tədbiri seçilib. Məhəmməd Kekalovun harada saxlanması ilə bağlı yalnız noyabrın 23-də vəkilinə rəsmi məlumat verilib və onun da eyni maddə ilə cinayət məsuliyyətinə cəlb edildiyi, başqa vəkillə təmin olunduğu bildirilib. Onun barəsində də məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ana səhifəSiyasətVətəndaş cəmiyyəti nümayəndələri müstəqil mediaya basqını pisləyir