close

Vilnüsdəki Azərbaycan səfirliyinin qarşısında İqbal Əbilova azadlıq istənildi

Foto: “freeiqbal” Telegram kanalı

Piket zamanı etirazçılar petisiya üçün imza toplayıb

Avqustun 6-da bir qrup aktivist Litvanın paytaxtı Vilnüsdəki Azərbaycan səfirliyi qarşısında aksiya keçirib. Onlar həbsdə olan “Talış Milli Akademiyasının xəbərləri”nin baş redaktoru İqbal Əbilova dəstək üçün burada toplaşıblar.

Onlar əllərində “Elm cinayət deyil”, “İqbal Əbilova azadlıq” plakatları tutublar.

İştirakçıların sözlərinə görə, tədbiri İqbalın dostları və həmkarları təşkil edib. Piket zamanı etirazçılar petisiya üçün imza toplayıb. Azərbaycan hakimiyyətini təqibləri dayandırmağa və İqbal Əbilovu azad etməyə çağırıblar.

Foto: “freeiqbal” Telegram kanalı

İyulun 24-də Səbail Rayon Məhkəməsi İqbal Əbilov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 283 (milli ədavətin qızışdırılması) və 274 (dövlətə xəyanət) maddələri ilə ittiham olunur.

Atası Şahin Əbilov mediaya açıqlamasında bildirib ki, İqbal Əbilov ona qarşı irəli sürülən ittihamları qəbul etmir. Əlavə edib ki, oğlu uşaqlıqdan Belarusda yaşayıb, siyasətlə məşğul olmayıb:

“Geniş elmi araşdırmalar aparıb. Onun tədqiqatları təkcə, talışlarla bağlı deyil, Çindən Türkiyəyə qədər bütün geniş regiona aid olub”.

Bəzi yaxınları isə onun həbsini müxtəlif milli azlıqlar, o cümlədən Azərbaycan talışları ilə bağlı araşdırmaları ilə izah edirlər.

Belarusdan Azərbaycana məzuniyyətə gələn Azərbaycan vətəndaşı İqbal Əbilovu iyulun 22-də Masallı rayonunun Bala Kolatan kəndində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları saxlayıb.

35 yaşlı İqbal Əbilov virtual “Talış Milli Akademiyası”nın mətbu orqanı olan “Talış Milli Akademiyasının xəbərləri”nin baş redaktorudur. Saytda talış folklor nümunələri, talışlarla bağlı nəşr olunmamış tarixi sənədlər, tədqiqatlar dərc edilib.

İqbal Əbilov Belarus Dövlət Universitetinin Beynəlxalq münasibətlər ixtisası üzrə 2012-ci ildə bakalavr, 2013-cü ildə isə magistraturasını bitirib. 2016-cı ildə həmin universitetin aspiranturasına daxil olub.

Ana səhifəSiyasətVilnüsdəki Azərbaycan səfirliyinin qarşısında İqbal Əbilova azadlıq istənildi