close

Vurnuxma

Milli Məclis. Foto: Azərtac

Zərdüşt Əlizadə

Məne-biçarə gələcək Milli Məclisdə yerləri yüz faiz təmin olunmuş cənnət əhlindən yazmayacağam…

Şahənşahi-əzəmin sentyabrın 1-də “Milli Məclisə seçki” adlandırılan tədbiri keçirəcəyi barədə xəbər cəmiyyətin müəyyən kəsimində vurnuxma yaradıb.

Bu tədbir dövlət tədbirləri nərdivanında əhəmiyyətinə görə neçənci pillədədir, dəqiq bilmirəm. Bilirəm ki, məsələn, prezidentin avtomobil karvanının keçməsini Dövlət Yol Polisi “Tədbir nömrə bir” adlandırıb bütün vətəndaşların maşınlarını dayandırır. Onu da anladım ki, Milli Məclisə seçki tədbiri əhəmiyyətinə görə beynəlxalq iqlim konfransından bir pillə aşağıdadır, çünki məhz bu konfransa görə seçkini iki ay əvvələ çəkiblər.

Əhali gərəkləri belə tühaf məsələlərə fikir verməyib, Füzuli demişkən, öz “mötad” zindəganlığına davam etsin. Yəni nəyə ki, adətkərdədir, elə o cür də yaşasın, əsla halına təfavüt etməsin. Necə ki, əlhəmdu li-llah, etmir.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

Amma cəmiyyətin öz rifah halını durmadan yaxşılaşdırmaq qayğısı ilə yaşayan hissəsi həqiqətən möhkəm vurnuxur. Çünki zəmanə çox dəyişib. El ağsaqqalı akademik Ramiz Mehdiyev “Heydər Əliyev” medalı alan günə qədər bu sahədə hər şey gün kimi aydın idi.

Məlum bir universitetin tutulmuş rektoru üstəgəl sonradan tutulmuş millət vəkili üstəgəl tutulmamış möhtərəm akademik üçbucağının faş olmuş sövdələşməsi Milli Məclisə seçkinin sadə bir əməliyyat olduğunu sübuta yetirmişdi. Əhali bu əməliyyatı biləndən sonra da, bundan əvvəl də, ruhu əsla inciməmişdi, zira bu ərazidə yaşayan məxluqat ciddi maddi işlərlə maraqlanır, “demos” üstəgəl “kratos” kimi mücərrəd firəng mətləbi ona tam yaddır.

Deməli, millətə vəkillik etmək istəyən vücud altirəqəmli bir məbləği verirdi inanılmış xanım deputata, o da müəyyən çıxma-bölmə əməliyyatından sonra məbləği çatdırırdı akademikə, el ağsaqqalı məbləğ mənbəyinin adını salırdı daşı deşən siyahıya, sonrası texniki məsələdir və yağ kimi gedirdi, ta ki, gəlib çatırdı mandatın verilməsinə. Həmin bu yağ kimi gedən sınanmış əməliyyatda baş vermiş nasazlıq bütün nəqşəni pozub yeni dövrün gəldiyini bildirdi.

Bu yeni dövrdə el ağsaqqalı artıq yoxdur, sınanmış xanım deputat da yoxdur, lakin siyahı qalıb. İndi mandata təşnə vücudlar adlarını bu siyahıya saldırmaq atəşi ilə yanıb-yaxılırlar. Bu zaman çox həm qəribə, həm də azca gülməli hadisələr baş verir.

Məsələn, Stalin və Nobel mükafatlarından başqa dünyada bütün verilən və alınan mükafatları almış və yaşı doxsana çatan bir yazar ömründə heç bir mükafat almamış və yaşı otuzu təzəcə haqlamış gənc bir yazar sırtıqlığı ilə elan verir ki, “mən hələ bir qərara gəlməmişəm, lakin təklif olarsa, düşünməyə hazıram”. Necədir sizinçün? Diplomatik məharəti sezdinizmi? Bu məharət havadan gəlməyib, genlərin burada böyük rolu var.

Yaxud cəmi-əhli-Azərbaycan görür ki, bir deputat məxluq mərizdir, canı ilə əlləşir, bir xarici hospitaldan çıxıb o birisinə baş vurur. Hamı da müsəlman adətinə uyğun olaraq ona “yastığın yüngül osun, Allah şəfa versin” deyir. Ta ürəyində nə deyir, onu deyə bilmərəm, ayıbdır, xalqımızda böyük var, kiçik var. Fəqət bu naqafil seçki məsələsi faş olandan sonra həmin bu canı ilə əlləşən məriz deputat da hər gün birtərəfli bəyanat yayıb deyir ki, “yuxarılar lazım bilsə, mən hazır”.

Yazmağı bacaran qələm əhli, akademikin və xanım deputatın kədərli yoxluğunu və yuxarıların mübhəm sükutunu nəzərə alaraq, gücü veriblər Şərq-Qərb ədəbiyyatının ənənəvi mədhiyyə janrına, kimi şeirlə, kimi palaz-palaz məqalələrlə siyahını təsdiqləyən şəxsin olan və çox vaxt olmayan mühəssənatını vəsf edirlər. Bu zaman həm milli ədəbiyyat zirvələrinin zəngin irsi, həm də sovet dövrünün əlçatmaz yüksəkliklərdə pərvazlanan tərif və təşbihləri gen-bol istifadə edilir. Mədhiyyə yarışına dünənə qədər hakimiyyəti amansızlıqla qırmanclayan bir neçə jurnalist də qoşulub. “Gavər mandat eşqi bütün qalan eşqləri basıb altına, əzib”.

Məne-biçarə gələcək Milli Məclisdə yerləri yüz faiz təmin olunmuş cənnət əhlindən yazmayacağam, çünki bilmədiyim mövzuda yazmağı ayıb sayıram. Fəqət satqın qələm əhlinin görkəmli veteran deputatlara qarşı açdıqları vicdansız psixoloji savaş məni hədsiz hiddətləndirir. YAP rəhbərliyinin erkən seçki müraciəti çıxar-çıxmaz bəzi qəzetlər və saytlar ağızlarını Allah yoluna qoyub kimlərin gələcək Milli Məclisə düşməyəcəyi barədə fotoşəkilli guya ki, təhlili yazılar dərc edirlər. Guya ki, bu veteran deputatlar artıq qocalıblar və daha işə yaramırlar.

Ərəb dilində çox xoşladığım bir neçə ifadə var. Onlardan bəlkə də birincisi “ənə mə li” ifadəsidir ki, bizim dilə tərcümə olunanda “mənə nə dəxli” mənasını verir. Xalqımızın müsəlmanlığının hətta kəlmeyi-şəhadətdən güclü başqa sübutu ola bilməz.

Mən veteran deputatlardan heç zad ummuram, çoxunu tanımıram, sadəcə şəkillərini görmüşəm. Onlardan mənim barəmdə soruşsanız, heyrətə gələrlər ki, “bu kişi hələ sağdır?” Məni sadəcə insaf və ədalət maraqlandırır. Necə yəni onlar işlərinin öhdəsindən gələ bilməyəcəklər? Bu iş nə işdir ki, həqiqətən indi çox qıvraq və zirək görünən deputatlar onun öhdəsindən gələ bilməsinlər?

Mən bu işləri bir-bir sadalayım, siz də, əgər sizdə azca vicdan qalıbsa, özünüz deyin ki, bu veteran deputatlar onların öhdəsindən gələ biləcəklər, ya yox.

Milli Məclis beş ilə seçilir. İldə on iki ay var. On iki vur beş eləyir altmış. Yəni bu veteran deputatlar o qədər bihal olublar ki, gələn beş il ərzində altmış dəfə maaş cədvəlinə qol çəkib ayda beş min manat ala bilməyəcəklər? O biri tərəfdən, indi elektron kart və imza əsridir, onların imkanı çatar ki, bütün maliyyə məsələrini onlayn eləsinlər.

Sonra, canım sizə nə desin, jurnalistlər onlara ilişib sual verəndə “vızqırd buradan” deməyə nə var ki? “Civildəmə, sus, mumla, özünü abırlı apar” kimi variantlar da var ki, veteran deputatlar bu sözlərin öhdəsindən asanlıqla gələ bilər.
Sonra deputatların daha nə vəzifəsi var? Xarici parlamentlərlə dostluq əlaqələrinin yaradılması? Bundan asan nə var ki? Alırsan əlinə silahı, yəni badəni, qaldırırsan və Azərbaycanla Yeni Kaledoniya arasında sarsılmaz dostluq və qardaşlığın sağlığına bir kaç kəlmə deyib çəkirsən badəni başına (gillədirsən balaxəndəyə). Adətən qarşı tərəfdə də üzü üzlər görmüş veteranlar iştirak edirlər və bu zaman heç bir narahatlıq yaranmır. Əsas odur ki, dostluq tostlarının sayında ifrata varmayasan, özün öz ayağınla məclisi tərk edə biləsən.

Vəssalam-şüttəmam! Bundan asan nə var ki! Odur ki, bizim veteran deputatları incitmək olmaz! Günahdır! Onların ahı tək siyahı sahiblərini deyil, bütün milləti tuta bilər. Haşa! Yapmayın!

Bəli, bizim milli genofondda dünyada analoqu olmayan deputatlar var ki, millət onların qədrini bilməlidir. Elə deputat var ki, onun və rəhbərlik etdiyi təşkilatın nəmənəliyini heç Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi belə aça bilməmişdi. Əhvalat vaqe olmuşdu keçən əsrin 90-cı illərinin ortalarında. O zaman Vaşinqton hələ sadəlövhlüklə güman edirdi ki, Azərbaycan dövləti və xalqı sıradan olan adi dövlətdir və xalqdır, onlar bizim hakimiyyətin “analoqu olmayan” sözlərini ciddiyə almırdılar. Məhz bu səbəbdən onlar özlərinin ən güclü analitikini Azərbaycana göndərib ona tapşırmışdılar ki, “Mətbuat Fondu” adlanan qurumun və onun Milli Məclisdə oturan rəhbərinin nə və kim olduğunu öyrənsin. Gözünə döndüyüm analitik də gəlib canla-başla girişmişdi bu tapşırığın icrasına. Çox çalışmışdı, çox əlləşmişdi, yüzlərlə azərbaycanlı ilə, o cümlədən mətbuat işçisi ilə dərin müsahibələr aparmışdı, fəqət adi insan zəkasının kəsə bildiyi heç bir şey tapammamışdı. Beləcə suyu süzülə-süzülə qayıtmışdı vətəninə və izahatında yazmışdı ki, “bu Mətbuat Fondu və onun Milli Məclisdə oturan rəhbəri Azərbaycanın Bermud üçbucağıdır”.

Bütün bu olmuş və olacaq seçki qəziyyələrində yeganə udan tərəf var ki, onun da adına “seçici” deyirlər. Bizim bu seşici həqiqətən çox müdrik məxluqdur. Bizim seçici fəlsəfi kəlamlara uyğun yaşayır. Nədir bizim seçicinin inandığı müdrik kəlamlar?

“İlahi, mənə ağıl ver ki, öhdəsindən gələ biləcəyim işləri bilib anlayım.
İlahi, mənə ağıl ver ki, öhdəsindən gələ bilməyəcəyim işləri bilib anlayım.
İlahi, mənə müdriklik ver ki, hər ikisinə tüpürüb öz işlərimlə məşğul olum”.

Ərəb dilində çox xoşladığım bir neçə ifadə var. Onlardan bəlkə də birincisi “ənə mə li” ifadəsidir ki, bizim dilə tərcümə olunanda “mənə nə dəxli” mənasını verir. Xalqımızın müsəlmanlığının hətta kəlmeyi-şəhadətdən güclü başqa sübutu ola bilməz.

Ana səhifəMənim FikrimcəVurnuxma