close

Xankəndi yolunda silahlı toqquşma: hər iki tərəfdən ölən və yaralananlar var (yenilənib)

Atəşkəsin pozulması. Foto: Meydan TV

Ermənistan Laçın dəhlizinə beynəlxalq faktaraşdırıcı qrup göndərilməsini istəyir.

Ermənistan Xarici İşlər Nazirliyi bu gün yaydığı bəyanatda hadisədə Bakını ittham edib:

“Faktlar sübut edir ki, bu, Azərbaycanın ali rəhbərliyi tərəfindən əvvəlcədən planlaşdırılmış və göstəriş verilmiş təxribatdır. Hadisədən sonra Azərbaycanın rəsmi qurumları Ermənistandan Dağlıq Qarabağa silah, sursat və canlı qüvvənin daşınması barədə guya əməliyyat məlumatı aldıqları barədə məlumat yayıb və bu əməliyyat məlumatını həyata keçiriblər. Azərbaycanın irəli sürdüyü rəsmi versiya absurddur. Bu, Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın Ermənistan tərəfindən iddia edilən minalarla bağlı absurd iddialarının rədd edilməsi barədə qərarından iki həftə keçməmiş vaxta təsadüf edir”.

Nazirlik hesab edir ki, yaranmış şəraitdə Laçın dəhlizinə və Dağlıq Qarabağa beynəlxalq faktaraşdırıcı qrupun göndərilməsi həyati zərurətə çevrilir.

Ermənistan Xarici İşlər Nazirliyi. Mənbə: “mfa.am”


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Xankəndi-Xəlfəli-Turşsu yolunda baş verənlərə görə məsuliyyəti Ermənistan rəhbərliyinin daşıdığını bəyan edib.

Nazirlik bu gün yaydığı açıqlamada Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrinin dərhal çıxarılmasını tələb edib:

“Azərbaycan bu kimi hərbi təxribatların qarşısını almaq məqsədilə, Üçtərəfli Bəyanatın icrasının təmin edilməsini, Ermənistandan qeyri-qanuni silah və sursatın, şəxsi heyətin və minaların daşınmasına son qoyulmasını, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini dərhal çıxarmağı tələb edir”.

“Bu əməllər, Azərbaycan-Ermənistan arasında sərhəd nəzarət-buraxılış rejiminin tətbiq edilməsinin labüdlüyünü bir daha sübut edir”, – deyə XİN bildirib.

Foto: XİN


Bakı Yerevanı, tanınmayan “Dağlıq Qarabağ” Azərbaycanı ittiham edir

“Martın 5-də səhər saatlarında Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var”.

Məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Nazirlik bildirib ki, Rusiya sülhməramlı kontingentinin komandanlığı hadisə barədə məlumatlandırılıb:

“Bildiririk ki, Qarabağ iqtisadi rayonu ilə Ermənistan arasında yeganə istifadə oluna biləcək avtomobil yolu Xankəndi-Laçın yoludur. Rusiya sülhməramlı kontingentinin komandanlığına bir daha xatırladırıq ki, başqa marşrutlar üzrə hərbi və digər təyinatlı daşınmaların həyata keçirilməsi qəti surətdə yolverilməzdir”.

Müdafiə Nazirliyi
Foto: Müdafiə Nazirliyi

Müdafiə Nazirliyi hesab edir ki, baş verən insident bir daha Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasını zəruri edir:

“Ermənistanın yenə də Azərbaycanın Qarabağ iqtisadi rayonuna hərbi daşınmaları hayata keçirməsi faktı bu ölkənin Azərbaycana qarşı davam edən təcavüzü və terror siyasətidir. Törədilmiş təxribata görə bütün məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Müdafiə Nazirliyi itkilər barədə konkret məlumat verməyib.

Ermənistan tərəfi nə deyir?

Ermənistan mediası “Dağlıq Qarabağ”ın Daxili İşlər Nazirliyinə istinadən hadisənin Azərbaycanın təxribatı olduğunu iddia edir.

Bildirib ki, əməliyyat zamanı 3 polis əməkdaşı həlak olub: “Polkovnik-leytenant Armen Babayan, mayor David Danielyan, leytenant Ararat Qasparyan  həlak olublar. Leytenant Hovsepyan David Aşotoviç isə döş qəfəsindən güllə yarası alıb, o, tibb mərkəzindədir”.

Foto:”armenpress.am”

Münaqişənin qısa tarixçəsi

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Ana səhifəSiyasətXankəndi yolunda silahlı toqquşma: hər iki tərəfdən ölən və yaralananlar var (yenilənib)