close

Xankəndidə çörəyin talonla satılacağı bildirilir

Xankəndi, foto: reuters

“Dağlıq Qarabağ” rejimi bölgədə un qıtlığının çörək problemi yaratdığını deyir

Xankəndidə çörəyin talonla satılacağı bildirilir. Bu barədə Azadlıq Radiosu
Qarabağdakı qondarma rejimin “Sosial İnkişaf və Miqrasiya Nazirliyi”nə istinadən yazır.

Proses sentyabrın 5-dən başlayır. Talonlar isə bugündən verilir.

Separatçı qurumun “Kənd və Kənd Təsərrüfatına Dəstək Fondu”nun məlumatına görə, regionda un qıtlığı çörək problemi yaradıb, bu problemin həllindən ötrü isə buğda qəbulu qaydalarına dəyişiklik olunub. Buğdanın kiloqramı 250 dramdan (təxminən 1 manat) qəbul olunacaq, buğda təhvil verən əkinçilərə isə verdikləri buğdanın 20 faizini kisəsini 13 min drama almaq imkanı yaradılacaq.

Qarabağdakı rejim və Ermənistan hakimiyyəti regionun faktiki blokadaya alındığını, üç aya yaxındır regiona Ermənistandan kommersiya və humanitar yüklərin daxil olmadığını bildirir.

Xankəndi və Yerevan Azərbaycanın Laçın dəhlizində qurduğu nəzarət-buraxılış məntəqəsini qanunsuz sayır, 2020-ci ilin 9 noyabr üçtərəfli atəşkəs bəyanatına zidd olduğunu deyirlər.

Azərbaycan hakimiyyəti isə ittihamları rədd edir. Qarabağa humanitar yardımın gətirilməsi üçün Ağdam və Füzuli-Şuşa yollarını da təklif edən rəsmi Bakı Xankəndiyə humanitar yardım da təklif edir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bir neçə gündür ki, Xankəndiyə göndərdiyi 40 tonluq un məhsulu Ağdam-Xankəndi yolunda, rus sülhməramlılarının postu qarşısında giriş icazəsi gözləyir.

Separatçılar Laçın dəhlizinə alternativ olan hər hansı yolla gətiriləcək humanitar yardımdan imtina edirlər.

Hazırda həm Fransadan, həm də Ermənistandan göndərilmiş humanitar yardım maşınları da Azərbaycanın Laçın postundan Qarabağa burax;lmırlar.

Azərbaycan Laçın dəhlizinin başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulmasını Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edir. Ermənistan isə bu ittihamı qəbul etmir.

2023-cü ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub.

Addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib.

Ermənistan isə bu ittihamı qəbul etmir.

Ermənistan rəsmiləri hesab edirlər ki, sərhəd-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanata ziddir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Ana səhifəXəbərlərXankəndidə çörəyin talonla satılacağı bildirilir