close

Xankəndiyə komendant təyin edilib

Xankəndi. Foto: Meydan TV

Əmri daxili işlər naziri imzalayıb

Xankəndi şəhərinə komendant təyin edilib.

Daxili işlər naziri Vilayət Eyvazovun müvafiq əmrinə əsasən, polis general-mayoru Sərdar Səfərov Xankəndi şəhərinə komendant təyin edilib.

Bu barədə Meydan TV-yə Daxili İşlər Nazirliyindən (DİN) bildiriblər.

Sərdar Səfərov daha öncə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini olub.

O, son olaraq bu ilin yanvarında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilmişdi.

General S.Səfərov 1973-cü ildə Sumqayıtda anadan olub.

Dövlət Bədən Tərbiyəsi İnstitutunu, Türkiyənin Jandarma Zabitlər Məktəbini və DİN-in Polis Akademiyasını bitirib.

1996-2005-ci illərdə Daxili Qoşunlarda xüsusi təyinatlı bölüyün komandiri, xüsusi təyinatlı taborun qərargah rəisi kimi xidmət edib.

2019-2022-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini və həmin İdarənin rəisi olub.

Daha sonra BŞBPİ rəisinin xidmət üzrə müavini vəzifəsinə təyin edilib.

O, 2022-ci ilin iyulunda general-mayor rütbəsini  alıb.

S.Səfərov “Hərbi xidmətlərə görə”, “İgidliyə  görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.

Ailəlidir, üç övladı var.

Oktyabrın 15-də Sərdar Səfərov İlham Əliyevin Xankəndiyə səfəri çərçivəsində ona məruzə edib.

Ana səhifəSiyasətXankəndiyə komendant təyin edilib