close

Xaricdə ucuz telefonları Azərbaycanda bahalaşdıran yüksək gömrük və qeydiyyat rüsumu

Telefon aksessuarları. Foto: Suphaksorn Thongwongboot/shutterstock

“Vergi rüsumlarını bilərəkdən artırıblar ki, vətəndaşlar xaricdən telefon gətirməsinlər”

Vətəndaş Fərid Hüseynov xaricdən Azərbaycana şəxsi istifadə üçün gətirilən mobil telefonlara tətbiq olunan rüsumların yüksək olmasından narazılıq edir.

Şikayətçi Meydan TV-yə deyir ki, bir müddət öncə Gürcüstanda mobil telefon almaq istəyib, çünki qonşu ölkədə daha ucuzdur.

““iPhone 15 Pro” Gürcüstanda Bakıdakından 770 manat ucuzdur”

Amma araşdırma zamanı məlum olub ki, ölkəyə gətirilən telefonlara tətbiq edilən rüsum qiymət fərqini ciddi şəkildə dəyişir. Məhz yüksək rüsuma görə telefonu Azərbaycandakı mağazalarından almağı daha sərfəlidir:

Baxdım ki, “iPhone 15 Pro” Gürcüstanda Bakıdakından 770 manat ucuzdur. Lakin dostlar dedilər ki, alıb aparsan və qeydiyyatdan keçirmək istəsən, mütləq gömrük bəyannaməsi verməlisən, o da 905 manat edir. Üstəlik, 100 manatdan artıq da nazirlikdə qeydiyyat üçün ödəməlisən”.

Onun sözlərinə görə, vergi rüsumlarını bilərəkdən artırıblar ki, vətəndaşlar xaricdən telefon gətirməsinlər:

“Ucuz başa gəlsin deyə xaricdən telefon alırıq, ölkədə gömrükdən və qeydiyyatdan keçirəndə ikiqat xərcə düşürük. Bilərəkdən vergi rüsumlarını artırıblar ki, vətəndaş xaricdən telefon gətirməsin. Çünki üzərinə rüsum gələndə Bakıdakı telefon mağazalarının qiymətlərilə eyniləşir”.

Gürcüstan, Tbilisi. Foto: Efired/shutterstock

Belə olanda da insanlar düşünürlər ki, əgər bu qədər rüsum ödəyəcəyəmsə, əziyyətimə dəyməz, Bakıdan alaram. Bir vətəndaş kimi mən narazıyam. Hər yerdən əlimizi kəsirlər ki, ucuz nəsə almayaq”, – vətəndaş belə deyir.

2023-cü ilin fevralın 15-dən Azərbaycana şəxsi istifadə üçün gətirilən mobil telefonlara görə istifadəçilər 36 faiz rüsum ödəyirlər.

Vətəndaşlar rüsumla yanaşı aldıqları mobil telefonları gömrükdə bəyan edirlər.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi şəxsi istifadə məqsədilə gətirilən və gömrükdə bəyan edilməyən mobil telefonları qeydiyyata almır.

Vətəndaşın ölkəyə gətirdiyi telefonun dəyəri 800 dollardan artıq olduqda, onlayn sifariş vasitəsilə isə ölkəyə gətirilən mobil telefonun dəyəri 300 dollardan artıq olduqda gömrük rüsumu ödənilir.

Qaydalara əsasən, rüsum yalnız məbləğin artıq hissəsindən ödənilir. Məsələn, vətəndaş özü ilə dəyəri 1000 dollar olan telefonu gətirirsə, 800 dollar çıxılır və rüsum yalnız yerdə qalan 200 dollardan ödənilir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi. Foto:arxiv

Gömrük sərhədindən keçən mobil telefonun bəyan edilməməsi inzibati məsuliyyət yaradır.

İMEI qeydiyyatı üçün telefonun qiymətindən asılı olaraq 20-150 dollar ödəmək lazımdır.

Milli Məclisin İnzibati Xətalar Məcəlləsində etdiyi dəyişikliklərə əsasən, Azərbaycanda qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil telefonun IMEI nömrəsinin dəyişdirilməsi və yaxud surətinin köçürülməsinə görə fiziki şəxslər 300-400 manat, vəzifəli şəxslər 1 000-1 500 manat, hüquqi şəxslər üçün isə 3 000-4 000 manat məbləğdə cərimə nəzərdə tutulub.

Məcəllənin 368-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə isə fiziki şəxslər 600-800 manat, vəzifəli şəxslər 2 000-2500 manat, hüquqi şəxslər isə 9 000-12 000 manat cərimə ödəyəcəklər.

“Bu, inhisarçı şirkətlərin xeyrinə, vətəndaşların isə ziyanınadır”

İqtisadçı Natiq Cəfərli Meydan TV-yə deyir ki, Azərbaycanda gömrük rüsumunun yüksək olmasında mobil telefon, ümumiyyətlə, texnika satışı ilə məşğul olan böyük şirkətlər maraqlıdır:

Həmin şirkətlərin lobbiçiliyi nəticəsində belə bir qərar verilib. İndi telefonu elə Bakıdan almaq daha sərfəli hala gəlib. Təbii ki, bu, inhisarçı şirkətlərin xeyrinə, vətəndaşların isə ziyanınadır. Bilərəkdən qiymət artımı yaradırlar ki, vətəndaş mobil cihazları xaricdən deyil, elə Bakıdakı mağazalardan alsınlar”.

Natiq Cəfərli
Foto: Meydan.TV

Natiq Cəfərli hesab edir ki, qanunvericilikdə vətəndaşların xeyrinə dəyişikliklər olmalıdır.

İqtisadçı əlavə edir ki, vətəndaşın şəxsi istifadə məqsədilə ölkəyə gətirdiyi mobil telefonuna görə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində qeydiyyat rüsumu ödəməsi doğru deyil.

Nazirlik tərəfindən aparılan qeydiyyat xaricdən gətirilən elektron daşıyıcı avadanlıqların, telefonların ümumi dövriyyəsinə, statistik göstəricilərinə nəzarət etmək üçündür. Bizdə isə bu qazanc mənbəyinə çevrilib. Heç bir şey etmədən, kompüterdə bir sətir yazmaqla, həmin telefonun qeydiyyatını aparır və buna görə vətəndaşdan 100 manat alırlar. Bu işin hansı xərcləri var ki, bu qədər böyük rüsumlar ödənilir?!”, – iqtisadçı bildirib.

Ana səhifəSosialXaricdə ucuz telefonları Azərbaycanda bahalaşdıran yüksək gömrük və qeydiyyat rüsumu