close

Xarici işlər nazirləri Brüsseldən sonra Moskvaya gedəcəklər

Ararat Mirzoyan, Sergey Lavrov və Ceyhun Bayramov. Foto: Azərbaycan Xarici İşlər Nazirliyi

Yerevan görüşün mayın 19-da olacağını deyir, Bakı susur…

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Moskvada görüşü mayın 19-na planlaşdırılıb.

Bu barədə mayın 12-də Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan brifinqdə deyib.

Dəyişiklik olmasa, görüş mayın 19-na təyin edilib”, – deyə Hovhannisyan əlavə edib.

Moskva görüşündən əvvəl mayın 14-də Brüsseldə dövlət başçılarının görüşünün keçirilməsi planlaşdırılır.

Moskvadakı görüşün Brüsseldəki görüşün məntiqi davamı olub-olmayacağı sualını cavablandıran nazir müavini bildirib ki, bu, müəyyən mənada məntiqi davamı olacaq, lakin hər formatın özünəməxsus xüsusiyyətləri var.

Azərbaycan Xarici İşlər Nazirliyi Moskva görüşü barədə məlumat yaymayıb.

Ermənistan və Azərbaycan xarici işlər nazirləri mayın 1-4 tarixlərində Vaşinqtonda görüşüblər.

ABŞ-ın Dövlət katibi Entoni Blinken mayın 4-də keçirdiyi mətbuat konfransında Vaşinqton görüşünü irəliləyiş kimi qiymətləndirib:

Son bir neçə gün ərzində hər iki tərəf bir sıra çox mürəkkəb məsələni müzakirə edib və davamlı sülh sazişinin əldə edilməsi istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə edib”.

Münaqişənin qısa xronikası

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Ana səhifəSiyasətXarici işlər nazirləri Brüsseldən sonra Moskvaya gedəcəklər