close

Xocalıda tapılan kütləvi məzarlıqdan daha bir uşaq qalıqlarının çıxdığı bildirilir

Baş Prokurorluq. Foto: Meydan TV

Baş Prokurorluq: “Onların qeyri-insani rəftara və fiziki zorakılığa məruz qalması müəyyən edilib”

Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) qazıntı işləri zamanı fevralın 21-də tapılmış kütləvi məzarlıqla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.

İlkin olaraq, tapılan qalıqların biri uşaq olmaqla, 4 nəfərə aid olduğu müəyyənləşdirilmişdi. Fevralın 29-da ərazidə baxış zamanı daha bir azyaşlıya aid insan qalıqları aşkarlanıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

“Bununla da, kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı, 5 nəfərə (onlardan 2 nəfərin azyaşlı olduğu ehtimal edilir) məxsus olması, onların qeyri-insani rəftara və fiziki zorakılığa məruz qalması müəyyən edilib. Hazırda ərazidə basdırılmış insan qalıqlarının tam müəyyən olunması üçün hadisə yerinin müayinəsi davam edir”, – Baş Prokurorluqdan bildirilib.

Xocalı şəhərində bərpa-quruculuq işləri çərçivəsində qazıntı zamanı kütləvi insan qalıqlarının tapılması haqda məlumatdan sonra hadisə yerinə prokurorluqla yanaşı, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, Milli Elmlər Akademiyası, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, eləcə də Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri gəlib. Tapılan sümük fraqmentləri ekspertiza keçirilməsi üçün götürülüb.

Ana səhifəXəbərlərXocalıda tapılan kütləvi məzarlıqdan daha bir uşaq qalıqlarının çıxdığı bildirilir