close

Yalçın Adıgözəlova vəzifə verilib

Yalçın Adıgözəlov. Foto: sosial şəbəkə

O, “Niyazi” adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri təyin edilib

Xalq artisti Yalçın Adıgözəlov Heydər Əliyev Sarayının tabeliyində fəaliyyət göstərən “Niyazi” adına Dövlət Simfonik Orkestrinin bədii rəhbər-baş dirijoru vəzifəsinə təyin olunub.

Mədəniyyət naziri Adil Kərimli bununla bağlı müvafiq sənəd imzalayıb.

Yalçın Adıgözəlov 1959-cu ildə Bakıda, bəstəkar, Xalq artisti Vasif Adıgözəlovun ailəsində doğulub.

1982-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) piano ixtisası üzrə (professor R.Atakişiyevin sinfi) bitirib.

1984–1989-cu illərdə Rimski-Korsakov adına Leninqrad (Sankt-Peterburq) Konservatoriyasında professor İlya Musinin sinfində opera və simfonik orkestr dirijorluğu ixtisası üzrə təhsil alıb.

1990-1992 illərdə Vyana Musiqi Akademiyasınln aspiranturasın bitirib, 1989-cu ildən Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, 1991 – 1998-ci illərdə bədii rəhbər və baş dirijoru vəzifəsində çalışıb.

2000-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijorudur.

O, eyni zamanda uzun illərdir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur.

Dirijorluq kafedrasının professorudur.

2007 -ci ildə Əməkdar incəsənət xadimi, 2012-ci ildə Xalq artisti adına layiq görülüb.

Ana səhifəMədəniyyətYalçın Adıgözəlova vəzifə verilib