close

YAP-çı deputatlar parlamenti buraxmaq üçün İlham Əliyevə müraciət edəcəklər

Yeni Azərbaycan Partiyası. Foto: “yap.org.az”

Onlar seçkilərin COP29-dan əvvəl keçirilməsini vacib sayırlar

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatlar növbədənkənar parlament seçkiləri ilə bağlı ölkə başçısına müraciət edəcəklər.

Bu barədə iyunun 20-də YAP İdarə Heyətinin növbəti iclasında qərar qəbul edilib.

Toplantıda çıxış edən YAP Sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri, deputat Tahir Budaqov bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) və digər mötəbər beynəlxalq tədbirlərin keçiriləcəyi vaxtda – 2024-cü ilin noyabr ayında Azərbaycan Konstitusiyasının müvafiq maddəsinin II hissəsinə əsasən Milli Məclisə növbəti seçkilər keçirilməlidir:

Həm seçkilərin, həm də qeyd olunan tədbirlərin yüksək səviyyədə təşkili mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, həmin dövrdə ölkə parlamentinin tam fəaliyyətdə olmasının məqsədəmüvafiqliyi də nəzərə alınmalıdır. Hesab edirik ki, indiki şəraitdə də Milli Məclis dövlət maraqlarını üstün tutaraq Milli Məclisin buraxılması və seçkilərin daha erkən keçirilməsi təşəbbüsü ilə çıxış etməlidir”.

Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul edilib.

Mayın 2-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov parlament seçkilərinin vaxtının önə çəkilə biləcəyi haqqında açıqlama vermişdi.

Məzahir Pənahov demişdi ki, 2024-cü ilin noyabrında parlament seçkiləri olmalıdır:

Azərbaycanda keçiriləcək mötəbər tədbir olan COP29-la parlament seçkilərinin vaxtı eyni zaman kəsiyinə təsadüf etdiyi üçün seçkilərin önə çəkilməsi barədə qərar verilə bilər”.

Azərbaycanda Milli Məclisə seçkilər sonuncu dəfə 2020-ci ilin fevralın 9-da keçirilib.

Prezident İlham Əliyev 2019-cu ilin dekabrın 5-də V çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalamışdı.

Sərəncama əsasən, V çağırış Milli Məclis buraxılıb, Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

Milli Məclisdə çoxluq təşkil edən hakim Yeni Azərbaycan Partiyasının deputatları dekabrın 2-də parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət etmişdilər.

Ana səhifəSiyasətYAP-çı deputatlar parlamenti buraxmaq üçün İlham Əliyevə müraciət edəcəklər