close

Yasamalda iki gündür ki, qaz yoxdur

Foto: Meydan TV

Sakinlər “Azəriqaz”ın fəaliyyətindən gileylənirlər

Bakının Yasamal rayonunda iki gündür ki, qaz kəsilib.

Bu barədə Yasamal sakinləri sosial mediada məlumat yayıblar.

Yasamal sakini, hüquqşünas Xalid Ağəliyev yazır ki, qazın kəsilməsinin səbəbini qəza ilə əlaqələndiriblər və qısa zamanda bərpa olunacağı deyilib.

Qaz axşam saatlarında bərpa olunsa da, yenidən qəza baş verib.

“Dünəndən Yasamalda qaz kəsilib. Dünən rəsmi açıqlama vardı ki, təmir işləri aparılır. Bu gün də rəsmi açıqlama verilib ki, qəza baş verib, nəticələri aradan qaldırlır. Bilmirsən dünənə inanasan, bu günə, yoxsa, sabahkını gözləyəsən”, – deyə o qeyd edib.

Rayon sakini, jurnalist Gülzar Məmmədli yazır ki, ötən gündən qaz kəsilsə də, nə zaman bərpa olunacağı ilə bağlı sakinlərə konkret bir cavab verilmir.

Qazın bərpa olunacağı vaxt deyilmir, normal səbəb göstərilmir, zəngə cavab verilmir. Dünən evdə bir öncəki günün hərarəti ilə oturmaq olurdu, bu gün isə çox soyuqdur. Evdə 4 nəfərdən üçümüz xəstəyik, dərman içməyə isti su tapa bilmirik”.

Foto: Azəriqaz

 “Azəriqaz” İstehsalat Birliyi də hadisə ilə bağlı açıqlama yayıb.

Qurumdan bildirilib ki, Yasamal rayonunda baş verən qəzanın nəticələri aradan qaldırılır:

“Ötən gün paytaxtın Yasamal rayonu, Xocasən QPS-dən qidalanan diametri 530 mm-lik qaz xəttinin Məmmədşərif Həmidov küçəsindən keçən hissəsində qəza baş verib. Dərhal yaranan problemlə bağlı SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin çox sayda işçi qrupu və texnika cəlb olunub”.

Gecə saatlarından etibarən qəza xidməti əməkdaşları tərəfindən təmir işləri davam etdirilir. Məlumat üçün bildirək ki, qısa müddət ərzində işlər yekunlaşdırılaraq qaz təchizatının bərpası təmin ediləcək”, – deyə qurumdan bildirilib.

Ana səhifəSosialYasamalda iki gündür ki, qaz yoxdur