close

Yeni Ramana sakinlərinin işıq problemi var

Foto: şərti şəkil

“Çox əziyyət çəkirik, isti havalarda soyuducular, kondisionerlər işləmir”

“Elektrik enerjisi çox zəif olduğundan məişət əşyalarımız yanır. Yayda işıq çox zəif olduğu üçün soyuducu işləmir. İçindəki ərzaqlar da xarab olur. İki il öncə yeni televizor almışdım, işıq zəif olduğu üçün partlayıb yandı”.

Bunu Meydan TV-yə Yeni Ramananın Şuşa şəhərciyində yaşayan Mahmud Yusubov deyir.

Vətəndaş bildirir ki, səkkiz ildir ki, ərazidə transformatorun olmaması ilə əlaqədar “Azərişıq”a etdiyi müraciətlər nəticəsiz qalıb:

“Yay-qış işıqlarımız çox zəif olur. Bu problem fərdi yaşayış evlərindədir. Elektrik xətlərimiz yaxınlıqda məcburi köçkünlər üçün tikilmiş binanın transformatoruna qoşulub. Bu da yüklənməyə səbəb olur”.

Şikayətçi bildirir ki, elektik yüklənməsi adətən, axşam saatlarında olur:

“Çünki səhər saatlarında hamı işə gedir. Adamlar evdən çıxarkən məişət avadanlıqlarını elektrikdən ayırırlar. Çünki burada bir neçə dəfə yanğın hadisəsi olub. Mühəndislər də ancaq səhərlər gəlib, yoxlama aparırlar. Onda da yükləmə olmur. Çox əziyyət çəkirik, isti havalarda soyuducular, kondisionerlər işləmir”. Mahmud Yusubovun sözlərinə görə, eyni vəziyyət qış aylarında da davam edir:

Qışda nə kombi, nə də qızdırıcı qoşmaq olmur. Uşaqlar, qocalar soyuqdan tez-tez xəstələnirlər. 2015-ci ildən bu yana dəfələrlə müraciət edirəm. Deyirlər ki, əlavə transformator yoxdur, Qarabağa göndərmişik. Hər dəfə aldadırlar ki, yaxşı olacaq”.

“Azərişıq”dan məsələyə münasibət bildirilməyib.

Ana səhifəSosialYeni Ramana sakinlərinin işıq problemi var