close

Yeniyetməyə qarşı cinsi cinayətə görə çıxarılan hökm qalmaqala səbəb oldu

Məhkəmə. Foto: Meydan TV

“Cəzasızlıq mühiti yeni-yeni cinayətlərin yaranmasına rəvac verir”

Göyçay Rayon Məhkəməsində yeniyetməyə qarşı törədilən cinsi cinayətlə bağlı çıxarılan hökm qalmaqala səbəb olub. Çıxarılan hökmdən narazı qalan zərərçəkmiş tərəf hesab edir ki, belə hökmlər azyaşlılara qarşı cinsi zorakılıq cinayətlərinin artmasına gətirib çıxarır.

15 yaşlı qıza qarşı cinsi cinayətdə ittiham olunan 2001-ci il təvəllüdlü Ramiz Cəfərova mayın 30-da Göyçay Rayon Məhkəməsində hökm oxunub. Hakim Elçin Qurbanovun çıxardığı hökmə əsasən, o, Cinayət Məcəlləsinin 152.1 (14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsilə 2 il azadlıqdan məhrum edilib.

Zərərçəkmiş tərəf bu hökmü ədalətsiz sayır. Onlar hesab edir ki, əslində, Ramiz Cəfərov Cinayət Məcəlləsinin 149.2-1.1 (zorlama, yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsilə cəzalandırılmalıydı. Bu maddədə 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Zərərçəkmiş tərəf təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın ağırlaşdırılması üçün işin istintaqa qaytarılmasını istəsə də, məhkəmə bu barədə vəsatəti təmin etməyib. Ailə bildirir ki, istintaq dövründə zərərçəkənin ifadələri təhrif olunub, nəticədə təqsirləndirilən şəxsə qarşı daha yüngül maddə ilə ittiham irəli sürülüb.

Cinayət işinin materiallarında iddia olunur ki, təqsirləndirilən şəxslə zərərçəkmiş bir neçə dəfə könüllü şəkildə cinsi əlaqədə olub.

Təqsirləndirilən Ramiz Cəfərov da həm istintaqda, həm də məhkəmədə deyib ki, özünü Cinayət Məcəlləsinin 152.1 maddəsilə təqsirli bilir, əməlindən peşmandır. K.K. ilə sevgili olduğunu deyən təqsirləndirilən şəxsin sözlərinə görə, onunla öz razılığıyla bir neçə dəfə cinsi əlaqədə olub.

Zərərçəkmişin istintaqa ifadəsində də göstərilib ki, Ramiz Cəfərova bağlı olduğuna, onunla evlənəcəklərinə inandığına görə cinsi əlaqədə olmağa razılaşıb.

Lakin zərərçəkmiş məhkəmədə bildirib ki, onun ifadələri saxtalaşdırılıb. Onun sözlərinə görə, Ramiz Cəfərov tərəfindən dəfələrlə hədələnib, təzyiqlərə məruz qalıb, bütün bunlar haqda istintaqda müstəntiqə də məlumat verib. Lakin istintaq başa çatanda ittiham aktıyla tanış olarkən həmin ifadələrin heç birinin orada əks olunmadığını görüblər.

Zərərçəkmişin əmisi Rəvan Daşdiyev Meydan TV-yə bildirib ki, istintaq dövründə onları aldadıblar. Onlara təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsilə cinayət məsuliyyətinə cəlb olunduğunu deyiblər. Lakin iş məhkəməyə göndəriləndə aldadıldıqlarını biliblər.

Biz güman edirdik ki, yeniyetməyə qarşı törədilən belə bir cinayətə heç olmasa, məhkəmə layiqincə qiymət verər. Amma məhkəmədə də istintaqda baş verənlər davam etdirildi. Amma heç kim düşünməsin ki, biz bu işdən əl çəkəcəyik. Nəyin bahasına olursa olsun, geri çəkilən deyilik. Çünki cəzasızlıq mühiti yeni-yeni cinayətlərin yaranmasına rəvac verir. Biz həm də ona görə çalışırıq ki, bu gün bizim balamızın başına gələnlər, sabah bir başqasının balasının başına gəlməsin…”, – zərərçəkən yeniyetmənin əmisi Meydan TV-yə bildirib.

O əlavə edib ki, Göyçay Rayon Məhkəməsinin hökmündən apelyasiya şikayəti veriləcək.

Ana səhifəSosialYeniyetməyə qarşı cinsi cinayətə görə çıxarılan hökm qalmaqala səbəb oldu