close

Yerasx-Culfa-Mehri-Horadiz dəmir yolu bərpa edilə bilər

Dəmir yolu. Foto: arxiv

Aleksey Overçuk sənəd layihəsinin hazırlandığını və razılaşdırıldığını deyib

“Regionda nəqliyyat əlaqələrinin açılması Yerasx-Culfa-Mehri-Horadiz marşrutuyla keçəcək dəmir yolunun bərpa edilməsi ilə başlayacaq”.

Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

Aleksey Overçuk Azərbaycandan və Ermənistandan olan həmkarları ilə görüşdə kompleks sənəd tərtib edildiyini də xatırladıb.

O deyib ki, sənəddə regionda nəqliyyat əlaqələrinin açılması Yerasx-Culfa-Mehri-Horadiz marşrutu ilə keçəcək dəmir yolunun bərpası ilə başlayacağı qeyd olunub.

Overçuk sənədin layihəsinin hazırlandığını və razılaşdırıldığını da deyib:

Baxmayaraq ki, adi azərbaycanlıların və adi ermənilərin sərhədin adi keçilməsi zamanı bir-biri ilə necə davranacağı məsələsi üzərində hələ işləmək lazımdır. Tərəflərin suverenliyinə hörmətdən irəli gələrək, sənəddə Azərbaycan və Ermənistan arasında sərhədin keçilməsi qaydasına yanaşmanın əsasları müəyyən edilir. Heç bir tərəf bu yolun ayrı-ayrı hissələrinin ərazisində yerləşdiyi ölkənin yurisdiksiyasında olacağına şübhə etmir. Beləliklə, bu yolla bağlı Azərbaycanda Azərbaycan qanunvericiliyi, Ermənistanda isə Ermənistan qanunvericiliyi tətbiq ediləcək”.

Aleksey Overçuk.Foto: trend.az

Rusiyalı nazir müavini Azərbaycan və Ermənistan arasında sülhün alternativinin olmadığını vurğulayıb:

Sülhə nail olmağın ən yaxşı yolu insanlar üçün dinc şəkildə əməkdaşlıq etmək, insanların və yüklərin keçəcəyi ortaq yol çəkmək imkanı yaratmaqdır, normal həyat, ticarət başlayacaq və tədricən köhnə incikliklər ikinci plana keçəcək”.

Onun sözlərinə görə, ölkələr arasında hazırda ən böyük problem etimaddır:

Məhz buna görə danışıqlar yavaş irəliləyir. Son nəticədə yoldan adi insanlar – azərbaycanlılar, ermənilər, digər ölkələrin vətəndaşları gedəcək. Onlar sərhədi keçərkən bir-biri ilə necə davranacaq, digər dövlətin ərazisindən keçərkən onların təhlükəsizliyi necə təmin ediləcək? Bu gün bu, əsas sualdır, biz bu suala elə cavab vermək istəyirik ki, digər ölkənin ərazisində bu insanların başına pis heç nə gəlməyəcəyindən əmin olaq. Əlbəttə ki, hamımız hazırda sərhəddə baş verənlərin təsiri altındayıq. Atəşkəs olsa, həll tapmaq daha asan olardı”, – deyə Overçuk əlavə edib.

Yolun nə zaman açılacağı haqda suala Overçuk belə cavab verib:

“Hələlik heç kim bu suala müəyyən cavab verməyəcək. Razılıq əldə etdiyimiz və müvafiq sənədə imza atıldığı zaman. Onda sovet dövründə mövcud olan və həm ermənilərin, həm də azərbaycanlıların istifadə etdiyi bu dəmir yolunun bərpasına başlamaq haqqında danışmaq olacaq”.

İyunun 2-də Rusiya paytaxtında Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinləri – Mher Qriqoryan, Aleksey Overçuk və Şahin Mustafayevin həmsədrliyi ilə regionda kommunikasiyaların bloklanması üzrə üçtərəfli işçi qrupunun iclası keçirilib.

Mayın 25-də Moskvada Azərbaycan və Ermənistan rəhbərlərinin görüşündən sonra elan edilmişdi ki, yaxın günlərdə Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin görüşü ilə bağlı razılıq əldə olunub.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan rəhbərləri tez-tez həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə bir araya gəlir, sülh danışıqları aparır. Lakin bu günədək tərəflər arasında, sülh sazişi imzalanmayıb.

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Ana səhifəSiyasətYerasx-Culfa-Mehri-Horadiz dəmir yolu bərpa edilə bilər