close

Zabratda yüzlərlə şagirdin oxuduğu məktəbin yolunda səki yoxdur

Fotolar: Meydan TV

“Təsəvvür edin ki, müəllimlər uşaqları az qalır evə qədər ötürsünlər ki, hansısa faciə baş verməsin”

Məktəblərin yay tətilinə buraxılması Zabrat 1 qəsəbəsinin əksər sakinlərini sevindirib. Səbəb təhlükəli yollardan keçmə qorxusu yaşamaları ilə bağlıdır.

“Heç olmasa bir neçə ay rahat nəfəs alacağıq. Yüzlərlə şagirdin oxuduğu məktəbin yolunda səki yoxdur, şagirdlər maşın yolu ilə dərsə gedib-gəlirlər”,- Bakının Sabunçu rayonu Zabrat 1 qəsəbəsinin sakini Vüsal Əliyev Meydan TV-yə belə deyib.

Onun sözlərinə görə övladları 192 saylı tam orta məktəbdə oxuyur. Məktəb yolunda isə səki yoxdur:

Yol kənarlarında avtomobillər dayanır. Təsəvvür edin ki, müəllimlər uşaqları az qalır evə qədər ötürsünlər ki, hansısa faciə baş verməsin”.

Qəsəbə sakini deyir ki, Zabratda əksər ərazilərdə obyektlər səkiləri tutub. Məktəbin qarşısı isə azyaşlılar üçün daha təhlükəlidir:

Sabunçu Rayon İcra Hakimiyyətinə, eləcə də digər aidiyyatı qurumlara müraciət etmişik. Amma heç bir nəticəsi yoxdur. Yəqin ki, hansısa faciənin baş verməsini gözləyirlər ki, tədbirlər görülsün”.

Vüsal Əliyevin sözlərinə görə, dəfələrlə avtomobil sahiblərindən xahiş ediblər ki, yol kənarlarını məşğul etməsinlər. Amma onlar da parklama üçün başqa yerlər olmadığını əsas gətiriblər:

“Çox vaxt valideynlərlə sürücülər arasında sözün həqiqi mənasında əlbəyaxa davalar baş verir”.

Qəsəbənin başqa bir sakini, Elmir Quliyev də özündən çox övladının həyatından narahat olduğunu deyir.

“Məktəbdən çıxış zamanı vəziyyət daha da pis olur, avtomobillərin əlindən yol keçmək həyatını riskə atmaq kimi bir işdir. Bir əncam çəkən yoxdur”.

Sabunçu Rayon İcra Hakimiyyətindən problemi diqqətdə saxlayacaqlarını deyiblər.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən şikayətlə bağlı sorğu cavablandırılmayıb.

Ana səhifəSosialZabratda yüzlərlə şagirdin oxuduğu məktəbin yolunda səki yoxdur