close

Zahid Niftəliyev yenidən həbs olunub

Foto: Meydan Tv

“Nəcməddin Sadıkovun adamı” kimi tanın keçmiş zabit banka borcuna görə təqsirləndirilir

3 il əvvəl lisenziyası ləğv olunmuş “Atabank”a böyük məbləğdə kredit borcu olanlardan biri də Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı sayılan Zahid Niftəliyevdir. Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Hərbi Təhsil və Tədris İdarəsinin Tədrisin planlaşdırılması şöbəsinin tədris vəsaitlərinin hazırlanması bölməsinin baş zabiti olmuş, iyulun 4-də mühakimə olunduğu başqa bir cinayət işi üzrə məhkəmə zalında həbsdən azad edilən Zahid Niftəliyev “Atabank” məsələsilə əlaqədar yenidən həbs olunub.

Zahid Niftəliyev 7 il əvvəl bankdan 1 illik 42.5 milyon manat kredit götürüb. Lakin ödənişlə bağlı öhdəliklərini yerinə yetirməyib və kredit qaytarılmayıb. Bu məsələ ilə əlaqədar o, mülki qaydada məhkəməyə verilib. Məhkəmə qərar çıxarsa da, həmin qətnamə icra olunmayıb.

Zahid Niftəliyev bankdan krediti yaratdığı şirkətin adına götürüb.

Ona qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq), 192 (qanunsuz sahibkarlıq) və başqa maddələrilə ittiham irəli sürülüb.

Bu cinayət işi üzrə araşdırmalar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində aparılır. Zahid Niftəliyevi də iki gün əvvəl DTX əməkdaşları saxlayıb. Ərazi aidiyyəti üzrə (DTX bu rayonun ərazisində yerləşir) Səbail Rayon Məhkəməsində də onun barəsində həbs qərarı verilib.

Zahid Niftəliyev bundan əvvəlki cinayət işi üzrə rüşvət almaqda ittiham olunaraq, 1 ildən artıq həbsdə saxlanmışdı. Tərtər Rayon Məhkəməsində keçirilən prosesin sonunda rüşvət ittihamına xitam verilmişdi. Hakim hesab etmişdi ki, onun əməlində rüşvət alma yox, rüşvət verməyə təhrik cinayətinin tərkibi var. Ona görə də Zahid Niftəliyevə Cinayət Məcəlləsinin 32.312.1 (rüşvət verməyə təhrik) maddəsilə 10 min manat cərimə cəzası kəsilmiş və o, məhkəmə zalından azadlığa buraxılmışdı.

Zahid Niftəliyev. Foto: Trend

İyulun 4-də Tərtər Hərbi Məhkəməsində Zahid Niftəliyevlə yanaşı, onunla birlikdə mühakimə olunan N saylı hərbi hissənin tağım komandirinin müavini Elsevər Niftəliyevə də hökm oxunmuşdu. Onun haqqında bəraət hökmü çıxarılmışdı.

Bu şəxslərin işi üzrə məhkəmə prosesində müdafiə naziri Zakir Həsənovun çağırılıb dindirilməsi məsələsi qaldırılmışdı. Lakin vəsatət təmin olunmamışdı.

Müdafiə Nazirliyi sistemində “Şkyapa Zahid” ləqəbilə tanınan Zahid Niftəliyevin Nəcməddin Sadıkovun yaxın adamı olması cinayət işinin materiallarında da öz əksini tapıb.

Cinayət işində Zahid Niftəliyevin “Nəcməddin Sadıkovun adamı” olması haqda da müxtəlif ifadələr var. Hətta iddia olunur ki, Nəcməddin Sadıkov özü onu tapşırmış, “onun sözü mənim sözümdür” demişdi. Bu səbəbdən Zahid Nurəliyevə xüsusi münasibət vardı.

67 yaşlı Nəcməddin Sadıkov 1993-cü ilin noyabrından 2021-ci ilin yanvarına qədər Milli Ordunun Baş Qərargah rəisi, Müdafiə nazirinin birinci müavini vəzifəsində çalışıb.

Ana səhifəSiyasətZahid Niftəliyev yenidən həbs olunub