“Elə bir marafon yoxdur ki, onun hüquqi baxımdan iki qalibi olsun”
Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri, deputat Zahid Oruc da fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində namizəd kimi iştirak edəcək.
O, dekabrın 16-da namizədliyini irəli sürüb.
Zahid Oruc Meydan TV-yə namizəd olacağını təsdiqləyib.
Amma hazırkı hakimiyyəti dəstəkləyən Zahid Orucun seçkidə iştirakı bir sıra suallar da doğurub.
Meydan TV-in “Sizin mərkəz olaraq, apardığınız sorğularda Prezident İlham Əliyevin reytinqinin yüksək olduğu göstərilir və özünüz də onun siyasətini dəstəklədiyinizi bildirirsiniz. Belə bir halda namizədliyinizi irəli sürməyə nə zərurət vardı?” sualına Zahid Oruc belə cavab verib:
“Dünya tarixi göstərir ki, müharibədən keçən xalqlara rəhbərlik edən şəxslərin reytinqləri adi meyarlarla ölçülmür. Yəni dinc dövrdə dövlət başçılarından tələb olunan siyasi xüsusiyyətlər müharibə şəraitində fövqəladə dərəcədə sərtləşir, tələblər kəskin artır. Hazırda Yaxın Şərqdə İsrail liderinə ölkədaxili münasibət çox pisdir, hətta məlum konstitusion islahatların parçaladığı cəmiyyət döyüş meydanlarında sakitlik yaranan kimi təkrar əvvəlki fazaya qayıdır, klassik savaşlarda dövlət-ordu-millət birliyindən çox fərqlənir, lakin vahid düşmənə-təhlükələrə qarşı müvəqqəti birləşiblər”.
“Başqa bir nümunə: Rusiya imperiyası çar 2-ci Nikolayın rəhbərliyi altında savaşı həm də ona görə uduzdu ki, əsgər və zabitlər Ali Baş Komandana nifrət edirdilər. Savaşı da hakimiyyəti dəyişməyin fürsəti və daxili qiyam qaldırmağın vasitəsi kimi görürdülər. Ona görə də imperiya çökdü”, – o qeyd edib.
Deputat hesab edir ki, Azərbaycanda isə vəziyyət fərqli olub.
Onun sözlərinə görə, Azərbaycan xalqı və ordusu müharibədə həmrəylik göstərib, bu da İlham Əliyevin reytinqinə təsir edib:
“Əgər Azərbaycan xalqı Vətən müharibəsində bir lider ətrafında birləşməsəydi, yalnız Silahlı qüvvələrə direktiv tapşırıqlarla, 30 ilin işğalına qarşı, xüsusilə də qlobal güclərin himayə etdiyi bir dövlətin üzərinə getməzdilər”.
“Gerçəkdən də sosial-siyasi və etnik-milli mənsubiyyətindən asılı olmayaraq, hamı bir bayraq və rəhbərin əmri altında birləşdilər. Bu baxımdan müharibədən sonra İlham Əliyevin nüfuzunun qat-qat yüksəldiyi təkcə təmsil etdiyim Mərkəzin soğrularında deyil, onlarla beynəlxalq neytral sosioloji qrupların araşdırmalarında da təsdiq olunur. Əlbəttə, onlar bunu bəzən ictimaiyyətə tam açmırlar, lakin seçkilərin təyin olunmasına münasibət, gördüyünüz kimi ən azı neytraldır, gözləmə mövqeyi hakimdir, tam əksinə, bir sıra Avropa ölkələrindən müşahidə missiyalarının göndəril’cəyinə dair məlumatlar var”, – deyə Zahid Oruc qeyd edib.
O, seçkilərə qatıldığını isə belə əsaslandırıb:
“Seçkilərdə iştirakımıza gəlincə, elə bir marafon yoxdur ki, onun hüquqi baxımdan iki qalibi olsun. Lakin siyasi və mənəvi baxımdan ölkəmiz tarixində ilk dəfə, 7 fevralda kimsə məğlub olmayacaq, hamı özünü qalib sayacaq. Əlbəttə, favoritlik dünyada heç bir rəqib, neytral və eyni platformada dayanan qüvvəni seçkilərdən kənarda qalmağa səbəb olmamalıdır. Çünki ölkəmizin həyatında yeni era başlanıb. Əgər sülh müqaviləsi də bağlansa, bu, tarixdə ən uzunömürlü münaqişənin çözülməsi və beynəlxalq təhülkəsilzik sistemində görünməmiş hadisə və nümunə olacaq”.
Deputat bütün iddiaçı qüvvələrin seçkilərə qoşulmasını və bunun müqabilində siyasi barışın güclənməsini, xarici müdaxilə imkanlarının azalmasını istəyir.
Zahid Oruc 2013-cü il Prezident seçkisində iştirak etdiyi üçün Ana Vətən Partiyası onu partiya sıralarından xaric edib.
2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
İlham Əliyevin dekabrın 7-də imzaladığı sərəncamda qeyd olunub ki, Mərkəzi Seçki Komissiyası növbədənkənar Prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.
Bu günə qədər ölkə başçısı İlham Əliyev və Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa namizədliyini irəli sürüb.
AXCP və Müsavat isə seçkiləri boykot edəcəklərini açıqlayıb.
Azərbaycanda sonuncu dəfə Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib.
Həmin seçkilər də növbədənkənar olub.
İlham Əliyev 20 ildir ki, Prezident vəzifəsini icra edir.