close

Zaxarova Simonyanın sərhədçilərin çıxarılması ilə bağlı fikirlərinə cavab verib

Mariya Zaxarova. Foto: Meydan TV

Kreml sözçüsü spikerin çıxışını qeyri-dost davranışı adlandırıb

Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanın rus sərhədçilərinin Yerevandakı “Zvartnots” aeroportundan çıxarılmasının zəruriliyi ilə bağlı söylədiklərinə münasibət bildirib.

XİN nümayəndəsi Simonyanın bəyanatını rəsmi Yerevanın növbəti qeyri-dost davranışı adlandırıb.

“Düzdür, Simonyanın qaldırdığı mövzulara nə dərəcədə cavabdeh olduğu tam aydın deyil. Bununla bağlı Ermənistan hakimiyyətindən heç bir sorğu almamışıq. Anladığımız kimi, “Zvartnots” hekayəsi rusiyalı Dmitri Setrakovun ətrafında daha əvvəl səsləndirilən təlqinlərdən qaynaqlanır. Sizi əmin edə bilərəm ki, bu kontekstdə Rusiya nümayəndələri tərəfindən heç bir qanunsuz hərəkətə yol verilməyib. Biz həmişə suveren dövlətlərin milli qanunvericiliyinə hörmət edirik”, – Zaxarova qeyd edib.

Dmitri Setrakov Rusiya vətəndaşıdır.

O, Ukraynadakı müharibədən yayınaraq, 2023-cü il noyabrın 30-da “İdite lesom” hüquq müdafiəçilərinin vasitəçiliyi ilə Ermənistana yollanıb.

Lakin artıq dekabrın 7-də o, saxlanılaraq Gümrü şəhərindəki Rusiya hərbi bazasının ərazisinə aparılıb.

Bu məsələ cəmiyyətdə geniş müzakirə olunub və Rusiya hüquq-mühafizə orqanlarının Ermənistan ərazisində qanunsuz hərəkəti kimi qiymətləndirilib.

Ermənistanın Baş naziri Nikol Paşinyan da baş verən hadisədən narahat olduğunu deyib.

Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan isə Setrakovla bağlı vəziyyəti “qəbulolunmaz və yolverilməz” adlandırıb.

Ötən gün, fevralın 27-də Alen Simonyan yenidən məsələyə toxunub.

“Düşünürəm ki, onların oradan getməsi daha düzgün olardı. Biz özümüz ölkəmizin sərhədlərini qoruyacağıq”, – spiker deyib.

Ana səhifəDünyaZaxarova Simonyanın sərhədçilərin çıxarılması ilə bağlı fikirlərinə cavab verib