close

Zelenski “Georgian Airways” aviaşirkətinə sanksiya qoydu

Foto: “Gürcüstan Hava Yolları” Şirkəti

Məhdudiyyətin müddəti 10 ildir

Ukrayna Prezidenti Volodimir Zelenski Gürcüstanın “Georgian Airways” aviaşirkətinə qarşı sanksiyalar tətbiq edib.

Sanksiyaların müddəti 10 ildir. Məhdudiyyətlərə aktivlərin bloklanması, ticarət əməliyyatlarının dayandırılması, uçuşların və Ukrayna ərazisindən tranzitin dayandırılması, iqtisadi və maliyyə öhdəliklərinin yerinə yetirilməsinin dayandırılması, lisenziyaların və digər icazələrin ləğv edilməsi daxildir.

Rusiya Gürcüstana birbaşa uçuşları bərpa etdikdən sonra “Georgian Airways” Tbilisi ilə Moskva arasında birbaşa uçuşlar həyata keçirməyə başlayıb.

Rusiya və Gürcüstan arasındakı birbaşa reyslər isə 2019-cu ildən dayandırılmışdı.

Gürcüstan hökuməti Rusiyanın uçuşların bərpası ilə bağlı qərarını dəstəkləyib.

Hakim “Gürcü arzusu” Partiyası bəyan edib ki, iki ölkə arasında birbaşa uçuşların olmamasına görə “milyonlarla gürcü” əziyyət çəkir.

“Gürcüstan ölkə iqtisadiyyatına ziyan vurulmaması üçün Rusiyaya qarşı sanksiyalar elan etməyəcək”, – partiyanın açıqlamasında bildirilir.

Hökumətin bu mövqeyinə baxmayaraq, Gürcüstan Prezidenti Salome Zurabişvili, ölkənin üç müxalifət partiyası, habelə Avropa İttifaqı və ABŞ Gürcüstan və Rusiya arasında birbaşa uçuşların bərpasına etiraz bildiriblər.

Avropa İttifaqı onun üzvü olmaq istəyən Gürcüstana Rusiyaya qarşı aviasiya sanksiyalarını dəstəkləməyə çağırıb.

ABŞ Dövlət Departamenti də bəyanat yayaraq bildirib ki, Gürcüstan Rusiyanın sanksiya siyahısında olan hava şirkətlərinin təyyarələrinə xidmət göstərərsə, Tbilisiyə qarşı ikincili sanksiyalar qoyula bilər:

“Qərb icması özünü bu qəddar rejimdən kənarlaşdırıb. İndi Rusiya ilə qarşılıqlı münasibətləri aktivləşdirməyin zamanı deyil”.

Daha öncə, 2023-cü ilin fevralında Avropa İttifaqı Gürcüstana xəbərdarlıq edərək bildirmişdi ki, Rusiya ilə birbaşa uçuşlar bərpa olunarsa, Tbilisiyə sanksiyalar tətbiq ediləcək.

Gürcüstan Rusiya ilə münasibətlərini Moskva 2008-ci ildə Cənubi Osetiya və Abxaziya ərazilərinə hərbi müdaxilə edəndən və bu iki separatçı bölgənin müstəqilliyini tanıyandan sonra kəsib.

Gürcüstan və dünyanın əksər ölkələri bu əraziləri Gürcüstanın tərkib hissəsi saymaqda davam edir.

Ana səhifəDünyaZelenski “Georgian Airways” aviaşirkətinə sanksiya qoydu