close

Zelenski: “Rusiya Zaporojyeni S-300 raketləri ilə atəşə tutub, ölənlər var”

Mənbə: Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti

Ukrayna Prezidenti hücumun pravosların müqəddəs bazar günündə baş verdiyini deyib

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya qüvvələrinin pravosların müqəddəs bazar günündə Ukraynanın bəzi şəhərlərinə endirdiyi zərbələri pisləyib.

O bildirib ki, Rusiya ordusu gecə Zaporojyeni S-300 raketləri ilə atəşə tutub.

“Nəticədə bir ev, bir yaşayış binası vurulub. Ölənlər var. Terrorçu ölkə Söyüd (Palm) bazar gününü belə qeyd edir”,– Zelenski aprelin 9-da axşam videomüraciətində deyib.

Prezident Zelenski deyib ki, Zaporojye şəhərinə endirilən zərbədə ölənlərdən biri 11 yaşlı qız və onun atasıdır:

“Ana isə ağır vəziyyətdə xəstəxanaya aparılıb. Rusiya beləcə özünü dünyadan, bəşəriyyətdən daha böyük təcrid vəziyyətinə salır”, – deyən Zelenski bildirib ki, gələn il bu bazar günü “bütün adamlar üçün sülh və azadlıq şəraitində keçəcək”.

Cəbhədəki duruma gəlincə, Ukrayna ordusu Rusiyanın cəbhə boyunca hücuma keçdiyini bildirib.

Ukrayna Silahlı qüvvələrinin baş qərargahı aprelin 10-da yaydığı məlumatda bildirib ki, son 24 saat ərzində Rusiyanın 58 hücumu dəf edilib:

“Onlar daha çox Donetsk vilayətindəki Lıman, Baxmut, Avdiyevka və Mariinka şəhərlərinə fokuslanıblar”.

Baxmut uğrunda aylardır döyüşlər gedir.

Rusiya tərəf bir neçə dəfə şəhəri ələ keçirdiklərini bildirsə də, sonradan Ukrayna tərəf bu açıqlamaları yalanlayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski son açıqlamasında bildirib ki, Baxmutda vəziyyət gərgindir.

Volodimir Zelenski. Foto: Dmytro Larin/shutterstock

Əgər əsgərləri burada mühasirəyə düşərsə, o zaman ciddi addımlar atmalı olacaq.

Ukraynanın Şərq hərbi komandanlığının sözçüsü Sergey Çerevatiy də bildirib ki, aylardır Rusiyanın mühasirəsində olan Baxmuta 30 hücumun qarşısı alınıb.

“Rusiya nəyin bahasına olursa-olsun, qala-şəhərimizi almağa çalışır. Həddən artıq çətin olmasına baxmayaraq, vəziyyətə hələ də nəzarət edirik. Bölmələrimiz düşməni geri otudur və maksimum ziyan vurur”, – o bildirib.

Ukrayna daha öncəki açıqlamalarında da bildirmişdi ki, Baxmutda əsas istəkləri Rusiya ordusuna mümkün qədər çox itki yaşatmaqdır.

Rusiyanın Müdafiə Nazirliyi aprelin 9-da açıqlayıb ki, Donetsk və Zaporojye vilayətlərində Ukraynanın hərbi sursat anbarları, Zaporojye yaxınlığında 70 min ton yanacaq olan depo dağıdılıb.

Ukrayna tərəf isə həmçinin bildirir ki, aprelin 9-da Kupyanskın atəşə tutulması nəticəsində isə iki kişi ölüb:

“Rusiya əsgərləri Xerson vilayətini bombalayıblar. Dinc sakinlər arasında itki yoxdur, hazırda dağıntıların miqyası müəyyənləşdirilir”.

Ana səhifəDünyaZelenski: “Rusiya Zaporojyeni S-300 raketləri ilə atəşə tutub, ölənlər var”