close

Zelenski “Taxıl sazişi”nə görə Ərdoğanla görüşəcək

Volodimir Zelenski və Rəcəb Tayyib Ərdoğan. Foto: Siarhei Liudkevich/shutterstock

Görüş Rusiyanın “Taxıl sazişi”ndən imtina etməsindən sonra gündəmə gəlib

Ukrayna və Türkiyə prezidentləri “Taxıl sazişi”nin müddəti bitməzdən əvvəl görüşəcəklər.

Qara dəniz “Taxıl sazişi”nin bitmə tarixi yaxınlaşdıqca Ukrayna Prezidenti Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşməyə hazırlaşır.

“Bloomberg” yazır ki, görüşün iyulun 7-də baş tutacağı gözlənilir.

Rusiya tərəfi bu həftə açıqlama verib ki, Qara dəniz “Taxıl sazişi”nin uzadılması üçün heç bir əsas görmür.

Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilirdi ki, Avropa İttifaqı ölkələri müharibəyə görə Rusiyaya sanksiya tətbiq edib, nəticədə Rusiyanın idxal problemləri yaranıb.

Açıqlamada qeyd olunur ki, Rusiyada əhalinin əziyyət çəkməsi dünya ictimaiyyətinin vecinə deyil.

Rusiyanın işğalına baxmayaraq, Ukraynanın kənd təsərrüfatı mallarının ixracına imkan yaratmaq üçün həyati əhəmiyyət kəsb edən taxıl müqaviləsinin müddəti iyulun 17-də bitir.

Moskva bu yaxınlarda bildirib ki, sanksiyalara görə sazişin “davamına heç bir əsas” görmür.

Türkiyə keçən il ilkin müqaviləyə vasitəçilik etməyə kömək edib.

Ən son mayın 18-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dəniz “Taxıl müqaviləsi”nin daha iki ay uzadıldığını açıqlamışdı.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra dünyada qlobal ərzaq böhranı yaranıb.

Ukrayna dünyanın aparıcı taxıl ixracatçılarındandır və müharibə nəticəsində istehsal və daşıma problemləri ilə qarşılaşmışdı.

Birləşmiş Millətlər Təşkilatı və Türkiyə 2022-ci ilin iyulunda ağırlaşan qlobal ərzaq böhranının həllinə kömək üçün Qara dəniz razılaşmasına vasitəçiliyə başlayıb.

Əvvəlcə 120 günlük alınan razılaşmanın müddəti sonradan uzadılıb.

İyulda Rusiyanı Qara dəniz taxıl ixracına icazə verməyə razı salmaq üçün Birləşmiş Millətlər Təşkilatı, eyni zamanda, Moskvaya üç il ərzində öz kənd təsərrüfatı məhsullarının daşınmasında kömək etməyə razılaşmışdı.

Ana səhifəİqtisadiyyatZelenski “Taxıl sazişi”nə görə Ərdoğanla görüşəcək