close

Zəlzələdən zərər çəkmiş azərbaycanlılarla bağlı Operativ Qərargah yaradılıb

Foto: Reuters

205 nəfər vətəndaş Gürcüstan üzərindən Azərbaycana yola salınıb

Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarına yardım göstərilib.

Məlumatı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) yayıb.

Bildirilir ki, Xarici İşlər Nazirliyi, Türkiyədəki Azərbaycan Səfirliyi və Baş konsulluqlarda yaradılmış Operativ Qərargahın “qaynar xətt” nömrələrinə daxil olan yüzlərlə müraciəti cavablandırılıb:

“Daxil olan məlumatlar əsasında zərərçəkmiş vətəndaşlarımızın siyahıları tərtib olunur. Bununla bağlı Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ali Təhsil Şurası və digər dövlət qurumları ilə də əməkdaşlıq həyata keçirilir”.

XİN qeyd edir ki, eyni zamanda, Azərbaycan tərəfindən vətəndaşların təxliyə prosesi davam edir.

МИД Азербайджана
Foto: Arxiv

Təxliyə prosesinin problemsiz həyata keçirilməsi məqsədilə Səfirliyin və Səfirlik nəzdindəki Hərbi Attaşelik Aparatının bir qrup əməkdaşı zəlzələ bölgəsinə ezam olunub:

“7 fevral 2023-cü il tarixində zəlzələdən zərər çəkmiş 12 vilayətdən 5 avtobus vasitəsilə 205 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları quru yolu ilə Gürcüstan üzərindən Azərbaycana yola salınıb. Bu gün də çox sayda vətəndaşımızın təxliyəsi planlaşdırılır və bunun üçün müvafiq tədbirlər həyata keçirilir”.

Bu günədək 1 nəfər Azərbaycan Respublikası vətəndaşının – 1980-ci il təvəllüdlü Bakı sakini Nailə Bünyatova Aydın qızının vəfatı barədə məlumat alınıb.

XİN bildirir ki, hazırda cənazənin Azərbaycana gətirilməsi üçün zəruri tədbirlər görülür.

Ana səhifəSosialZəlzələdən zərər çəkmiş azərbaycanlılarla bağlı Operativ Qərargah yaradılıb