close

Zirədəki meyvəçilik təsərrüfatında fəhlənin ölümünə səbəb nə olub?

Foto: Mikayıl Yunusovun ailəsinin arxivindən

27 yaşlı Mikayıl Yunusovun ailəsi onun öldürüldüyünü, təsərrüfat sahibi isə cərəyan vurduğunu deyir

“Səhər işə gedib, günün ikinci yarısında zəng vurdular ki, gəlin, uşaq ölüb. Durub getdim, uşağın meyiti ortalıqda idi. Dedilər, cərəyan vurub. Baxdım ki, başının arxa tərəfində xəsarət var, qan axır”.

Bakının Bülbülə qəsəbəsinin sakini Əliheydər Şərifov Meydan TV-yə danışır ki, bu il sentyabrın 2-də nəvəsi Mikayıl Yunusov iş yerində ölüb. O, nəvəsinin öldürülməsindən şübhələnir və istintaqdan narazıdır.

27 yaşlı Mikayıl bir neçə gün imiş ki, Zirə bağları massivindəki meyvəçilik təsərrüfatlarından birində fəhləlik edirmiş. Əliheydər Şərifov deyir, Mikayılı həmin təsərrüfatda keçmiş kürəkəni Babaəli Nəsirov (Mikayılın anasının birinci əri) işə düzəldib:

“Elə ora yaxın yerdə bir evdə qalırdı, səhər ordan işə gedib-gəlirdi. Quyu qazırmışlar, bu da kömək edirmiş. Gah dedilər, cərəyan vurub, gah dedilər, yıxılıb, başı baltaya dəyib. Bizim üçün bu ölüm hadisəsi şübhəli qalıb. Babaəli deyir, təsərrüfatın sahibi istintaqa 25 min manat verib, işi ört-basdır edib, indi də həmin 25 min manatı mənim maaşımdan çıxacaq. İstintaqdan heç nə öyrənə bilmirik. Müstəntiq də deyir, cərəyan vurub. Heç bilmirik ki, hansı maddəylə cinayət işi qaldırılıb. Vəkilimiz də yoxdur. Ancaq işin ört-basdır edilməsinə də imkan verməyəcəyəm”.

Əliheydər Şərifov deyir, hadisədən iki aydan çox vaxt keçsə də, müstəntiq ailəyə heç bir məlumat vermir. Bu isə ailədə araşdırmanın obyektiv aparılmasına şübhə yaradır:

“Bizim bildiyimizə görə, şahidlərin hamısı dindirilməyib. Nəvəm ölsə də, başının qanı dayanmırdı. Halbuki, insanı cərəyan vuranda, qan laxtalanır, qanaxma olmur. Deyirlər, cərəyan vurub hündürlükdən yerə çırpıb, başı yerə dəyib. İndi də Mirələkbər Seyidov deyir, guya qaranlıq yerdə büdrəyib, baltanın üstünə yıxılıb, başı dəyib. Halbuki, hadisə gündüz saat 5-də olub, həmin saatlarda hava işıqlı olub”.

“Başağrısına düşmüşəm”

Meydan TV müxbiri Əliheydər Şərifovla birlikdə hadisənin baş verdiyi yerdə – Zirədəki meyvəçilik təsərrfatında olub. Parniklərin yerləşdiyi qapalı ərazinin girişində müxbiri və şikayətçini özünü təsərrüfatın sahibi kimi təqdim edən Mirələkbər Seyidov qarşılayıb. O Birinci Qarabağ Müharibəsi qazisi olduğunu deyib. İkinci qrup əlildir. Dediyinə görə, Daxili Qoşunlarda xidmət edib, ixtisasca hüquqşünasdır. Təqaüdə çıxandan sonra bu meyvə-tərəvəz təsərrüfatını yaradıb:

“Buralar Baba Rzayevin təsərrüfatlarıdır, o tərəflər zeytunluqdur. Mən Elxan Kərimovdan 5 hektar yer götürüb meyvəçilik təsərrüfatı qurmuşam. Hadisəyə gəlincə, təsərrüfatım yerləşən bu qapalı sahədə artezian quyusu qazdırırdım, quyunu Babaəli qazırdı. Mikayıl da ona kömək edirdi. Mikayılı bura işləməyə elə Babaəli gətirmişdi. Demişdi ki, oğlumdur, işsizdir. Dedim, qalsın, işləsin. Gördüm ki, yaxşı uşaqdır, dərdləşdik, xeyli özündən, ailəsindən, problemlərindən danışanda bildim ki, Babaəlinin oğlu deyil. Dedim, qalmağa yerin yoxdursa, burda otaq da var, qala bilərsən. Cibinə pul da qoydum ki, cavan uşaqdır, işə təzə başlayıb, xərcliyi olsun. Nə yeyirdimsə, ondan yeyirdi. Yəni, mən bir pis iş görməmişəm, işə ehtiyacı olan birinə iş vermişəm, əvəzində başağrısına düşmüşəm”.

Mirələkbər Seyidov deyir, hadisə baş verən zaman o, orada olmayıb:

“Hadisə mən evə gedəndən sonra baş verib. Evdəydim, zəng vurdular, qayıtdım bura… Dedilər ki, cərəyan vurub. Sonra prokurorluq, ekspertiza işçiləri gəldi. Mənə deyilənə görə, cərəyan vurub kənara atanda başı quyuqazan baltaya zərblə dəyib. Ölümünə səbəb də başından aldığı xəsarət olub. İş Xəzər Rayon Prokurorluğundadır, əlavə nə sualınız varsa, ora müraciət edin”.

Mirələkbər Seyidov deyir, Mikayılın yas mərasimlərinin keçirilməsinə maddi yardım göstərib, məzar daşını da düzəldəcək. Əliheydər Şərifovsa deyir, Mirələkbər Seyidov mərhumun yalnız 3 mərasiminin xərcinin bir qismini ödəyib, qalan xərclərini ailə özü çəkib.

Bu ölüm faktını Xəzər ayon Prokurorluğunda müstəntiq Vüqar İslamzadə araşdırır. Meydan TV müxbiri prokurorluqdan məsələylə bağlı əlavə məlumat ala bilməyib. Yalnız o bildirilib ki, təsərrüfat sahibinin və başqa işçilərin izahatları alınıb, ekspertiza rəyi prokurorluğa daxil olub.

Ana səhifəSosialZirədəki meyvəçilik təsərrüfatında fəhlənin ölümünə səbəb nə olub?