Jurnalist hücuma məruz qaldı


Avqustun 2-də müstəqil jurnalist Aytac Əhmədova çəkiliş edərkən naməlum şəxsin hücumuna məruz qalıb. Hadisə Suraxanı rayonu ərazisindəki “Duzlu Göl” yaxınlığında baş verib.

Bu barədə 24saat.org-a jurnalist özü danışıb.

Ərazidə yaşayan məcburi köçkünlərə məxsus obyektlərin söküntüsünü çəkən zaman qəflətən bir nəfər jurnalistə yaxınlaşarıb və telefonunu əlindən alaraq qaçıb:
“Ətrafda polis də var idi. Ancaq müdaxilə etmədilər. Köçkünlərin obyektləri sökülürdü. Onlar Novruz Məmmədovun adından istifadə edildiyini, söküntünün qanunsuz olduğunu deyirdilər. Biz də çəkməyə getmişdik. Bu zaman arxadan mülki geyimli şəxs yaxınlaşıb telefonumu əlimdən alaraq qaçdı.

Arxasınca qaçıb çağırsam da, telefonumu əlindən ala bilmədim. Uzaqlaşıb maşına mindi. Üzərindən 20 dəqiqə keçəndən sonra Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi telefonu mənə qaytardı. Saat 10:10 radələrində obyekti sökülən adamla icra nümayəndələri arasında dava düşdü. İcra nümayəndələri məcburi köçkünlərə qarşı zor tətbiq edirdi. Bunları çəkəndə yenə həmin adam qəfildən kamera ilə ştativi (üçayaq) əlimdən aldı. Sonra maşına minərək uzaqlaşdı”.

Aytac Əhmədova “azadlıq.info” saytı ilə də əməkdaşlıq edir və hadisə zamanı jurnalist vəsiqəsini göstərib:
“Buna rəğmən çəkilişə imkan vermədilər. Azmış kimi kamera və üçayağı da əlimdən aldılar. Bununla bağlı polisə və digər aidiyyatı qurumlara müraciət edəcəm. Texniki avadanlıqları qaçıran şəxsin avtomobilinin görüntüsü də var. Ümid edirəm polis işi obyektiv araşdırıb, əşyalarımı geri qaytaracaq”.

Aytac Əhmədovanın əşyalarını əlindən alan şəxs “VAZ2107” markalı, “99LX720” nömrə nişanlı maşınla ərazidən uzaqlaşıb.

Suraxanı rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Mehman Hüseynov Meydan TV-yə hadisə yerində olduğunu və jurnalistə məxsus avadanlıqların geri qaytarılacağını deyib:

“Biz kameranı və ştativi qaçıran adamla əlaqə saxlamışıq. Həmin avadanlıqları Suraxanı rayon Polis İdarəsinə təhvil verəcəklər. Jurnalist sabah gedib polisdən ala bilər”.
Mehman Hüseynovun sözlərinə görə, hadisəni törədən şəxs icra hakimiyyətinin əməkdaşı deyil:

“Ərazidə ticarətlə məşğul olan şəxslərdən biridir. Bizimlə əlaqəsi yoxdur”

Abbas Abbasov yenidən hakimiyyətə qarşı?

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: