Sosial şəbəkələrdə venesuelalı etirazçı qadının qaldırdığı bir plakat diqqətimi çəkdi, “acından ölürük” yazılmış plakat. Bu gedişlə yaxın gələcəkdə yaşadığımız ölkəni də bənzər plakatlar bürüyəcək. Gündən-günə artan işsizlik, yoxsulluq, inflyasiya, qapanan banklar, dəyərini itirən milli valyuta, enən neft hasilatı… Venesuela da bizdəkinə bənzər səbəblərdən qaynamağa başlamışdı. Dünyanın ən böyük neft ehtiyatlarına sahib olan bir ölkə! Onu da məhz qeyri-demokratik rejim və yarıtmaz idarəçilik gətirib bu böhran girdabına soxub…
İndi aylardır orda haqsızlıqdan və yoxsulluqdan cana doymuş xalq hökumətin istefa tələbi ilə küçələrdən yığışmır. İnsanlar ağır sosial-iqtisadi problemlərdən cana doyub. Ölkədə uzun zamandır elektrik enerjisi təchizatı bərbad durumda. Hiperinflyasiya və işsizlik xalqı çökdürüb. Əhali qida və dərman çatışmazlığından əziyyət çəkir. Ölkənin qərbindəki Tachira bölgəsinə artıq qarətçilik başlanıb. Üsyan dalğasından qorxan hökumət bölgəyə 2 600 əsgər göndərib. Bölgənin paytaxtı San Cristobalda dükanlar və iş yerləri əsgərlərin nəzarətində saxlanır. Son məlumata görə etiraz nümayişlərində 43 adam ölüb.
Forbes” jurnalından Ellen R. Vald Venesueladaki iqtisadi böhranın səbəbini “neft lənəti”nə bağlayır. Zamanında böyük bir əkinçilik məhsulları istehsalçısı olan Venesuelanı da bizim kimi neft bədbəxt edib, anlaşılan. Uzun illərin bərbad, qarətçi rejimi ölkə iqtisadiyyatını 95% neftdən asılı vəziyyətə salıb. Niyə neftlə zəngin ölkələrin çoxunun aqibəti sonda gəlib bu lənətə bağlanır ki? Səbəb hüquq və ədalətə söykənməyən rejimlərdir. Talançı, oğru, xalqla hesablaşmayan, acgözlüyü sərhəd tanımayan rejimlər. O rejimlər ki, başında duran kiçik bir qrup özünü neft gəlirlərinin şəriksiz sahibi hesab edərək, onu talayıb tükədir. Xalqa çatacaq milyardlar bahasına şəxsi hesablarını şişirdən bu qrup tədricən zorakılıq rejimini möhkəmləndirir, hakimiyyətini əbədiləşdirmək sevdasına düşür. Təkəbbürü yerə-göyə sığmayan, “qanun mənəm” lovğalığı ilə getdikcə gedən bu adamlar üçün artıq keçilməyən cizgi yoxdur. Xalqı əzmək, alçaltmaq, ayaq altına salmaq hesabına olsa belə, hakimiyyət yaşamalıdır! Bu artıq saymazlığın və harınlığın görünməmiş həddidir! Bu bütün mənəvi və əxlaqi şeyləri çeynəmək, qırmızı xətti keçməkdir. Bu, hər şeyin qırılma nöqtəsinə gəlib çatdığı yerdir…
İndi yaşadığımız məmləkətin durumu hər kəsə bəlli. Azərbaycan hökuməti ölkəyə böyük milyardlar axmağa başlayandan bəri Nigeriya və Venesuela kimi “neft lənəti” marafonunda önəmli yer almaq üçün əlindən gələni edib. Ölkə talan və özbaşınalıq məngənəsində can verir. Neft milyardları hesabına cənnətə çevrilməli olan ölkə həbsxana cəhənnəminə çevrilib. Gözəl ölkədə yaşamaq xəyalları puça çıxan Azərbaycan insanı ölkədən qaçıb qurtulmaq üçün yollar arayır. Hakim rejim isə bu ölkə ilə bağlı heç bir məsuliyyəti yoxmuş kimi ancaq öz evinin qapısını qoruyub durur. Qanun və hüquq adına fəaliyyət göstərən qurumlar da o rejimin cangüdəni rolunu ifa etməklə işini bitmiş hesab edir. İnsanlar müdafiəsiz, çarəsiz və ümidsiz durumda. Amma hər şey başqa cür ola bilərdi. Başqa cür olmalıydı, yəni… Azərbaycan qadını “acından ölürük” plakatı daşıyan o venesuelalı qadının gününə düşməməliydi. Lakin bənzər totalitar rejimlərdə başqa cür olmur. Olması mümkün deyil və qarşıda da ölkəyə vəd olunacaq yaxşı bir şey yox. Azərbaycanda minlərin aclıq plakatı qaldıran gününə az qalır. Buna kimsənin şübhəsi olmasın…
Oxunub: 520