Səadət Cahangir
Bir gün Konfutsiyə sual verirlər: “Ölkəni idarə etməyə çağırılsaydın, edəcəyin ilk iş nə olardı?” Filosof belə cavab verir: “Heç şübhəsiz, dili gözdən keçirməklə işə başlardım. Belə ki, dil qüsurlu olsa, sözlər düşüncəni yaxşı izah edə bilməz. Düşüncə yaxşı anladılmazsa, edilməsi gərək olan şeylər doğru edilə bilməz. Tapşırıqlar gərək olduğu kimi edilməzsə, adətlər və mədəniyyət pozular. Adətlər və mədəniyyət pozularsa, ədalət yanlış yola düşər. Ədalət yoldan çıxarsa, çaşqınlığa düşən xalq nə edəcəyini, işin hara gedəcəyini bilməz…”
Böyük Çin filosofunun son cümləsinin üzərində dayanıram Bizdə ədalət sükanı nə vaxt yoldan çıxdı, xalqın çaşqınlığı nə vaxtdan başladı, insanlar həyatlarını taleyin ümidinə harda buraxdı? Konfutsinin dediyi dil məsələsinə bir az da simvolik yanaşıram. Gerçəkdən də, bu xalqın bəlalarının kökündə illər boyunca ölkəyə “yad dil”də danışan adamların rəhbərlik etməsi dayanmırmı? Onların üzündən millət on illərdir diyar-diyar yad ellərə səpələnməyibmi? Onların üzündən xalq ağır həyatı ilə barışıb, kənar bir əlin nə vaxtsa dada yetişəcəyi təxəyyülü ilə kasıb komasına qaxılıb qalmayıbmı? Onların üzündən bir tikə çörəyə möhtac insanlar çarəsiz, yorğun, küsmüş halda bir küncə çəkilib, qara bəxtinə gündə otuz mərtəbəli qarğış yağdırmaqla ürəyini sakitləşdirmək məcburiyyəti yaşamırmı? Onların üzündən bu zəngin ölkənin yoxsul vətəndaşları ehtiyac səviyyəsinin ən aşağı həddinə düşüb orda çapalayıb durmurmu?
Konfutsinin dediyi dil məsələsi simvolikdir, təbii. On illərdir bu ölkənin təpəsinə çıxıb, xalqa yuxarıdan aşağı baxanlarla dərdimiz təkcə onların öz çevrəsində, evində, ailəsində yabançı dillərdə danışması olsaydı, nə vardı ki? Dərd daha dərin və daha ağrılıdır. Dərd bu adamların xalqın dilini, ümumiyyətlə, anlamamasıdır. Dərd bu adamların ölkəni dişi- dırnağı, qanı- canı ilə quran insanların dərdini eşitmək istəməməsidir. Onların halını, durumunu, güzəranını vecinə almamasıdır. Dərd ölkənin başına çıxanlarla aşağıda qalanların arasında dərin bir uçurumun olması, bu uçurumun gündən-günə dibə getməsi və hər gün həyatından bezən insanları cənginə alıb aparmasıdır.
“Yad dildə” danışan saymaz və özündən müştəbeh bir hakimiyyət on illərdir bu ölkənin bəlasına çevrilib. On illərdir o adamlar aşağıdakıları saya salmadan öz dilində bir şeylər danışır, inkişaf, gözəl həyat, zənginlik, firavanlıq, xoşbəxtlik haqqında bir şeylər. “Bunlar nə danışır” deyə öz-özünüzə gündə neçə dəfə deyinirsiniz? “Bunların anlatdıqları nağıllar ölkəsi harda yerləşir” deyə özünüzə nə qədər sual verirsiniz? “Bunlar bizi ələmi salır” reaksiyası ilə nə qədər qəzəblənirsiniz? Bəli, əsl dil fərqi burdadır. Əsl bəla bu ölkədə insanlıq dilinin çoxdan itirilməsi, zor dilinin dövrəyə girməsidir. O dilin ki, bu ölkədə ədaləti, haqqı və hüququ çoxdan vurub sıradan çıxarıb. O dilin ki, çoxdan insanların, cəmiyyətin, xalqın qəniminə çevrilib. O dilin ki, qabacasına əzməkdən, qandallamaqdan, sındırmaqdan, məhv etməkdən özgə bir üsul tanımır və tanımaq da istəmir.
Bu ölkədə ədalət yoldan çıxıb, haqq yönünü azıb. Amma o ədalət, necə olursa-olsun, yoluna qayıtmalıdır. Onu biz öz yerinə qaytarmalıyıq. Onu biz qaytarıb öz dilimizdən anlayanların əllərinə təslim etməliyik. Bu, bir məcburiyyətdir. Bu, yaşadığımız ölkənin olmazsa olmazıdır. Yəni düşündüyünüz nə, başqa yolumuzmu var?
Oxunub: 526