«Azərbaycanda bananın qiyməti idxalda inhisarçılığı, milli iqtisadiyyatda isə islahatların vəziyyətini xarakterizə edən ən yaxşı indikator sayıla bilər».
Bunu İqtisadçı Qubad İbadoğlu bildirir.
O vurğulayır ki, təxminən 1 il əvvəl gömrükdə islahatlara start veriləndən, brokerlər yığışdırılandan və bu malın idxalı üzərində inhisarçılıq aradan qaldırılandan sonra bananın pərakəndə satış qiyməti 1 manat 25 qəpiyə qədər ucuzlaşmışdı:
«Lakin çox keçmədən yenə də bazarda hökmran mövqeyə malik olan şirkət bananın qiymətini hətta 3 amanat 50 qəpiyə qədər bahalaşdırdı. Hazırda Azərbaycanda dolların devalvasiyasından sonra pərakəndə satış şəbəkələri bananı 3 manata, təxminən 1 dollar 75 sentə təklif edir».
«BANAN AZƏRBAYCANDA ABŞ-DAN BAHADIR»
İqtisadçı bananın qiyməti ilə bağlı paralellər də aparır:
«Müqayisə üçün qeyd edək ki, əməkhaqqı və xidmət haqlarının yüksək olduğu ABŞ-da bananın 1 kiloqramı 2 manat 21 qəpiyə, Almaniyada 2 manat 47 qəpiyədir. Azərbaycan bazarlarında ən aşağı sort bananın hətta ABŞ-dan, Almaniyadan da baha satılması monopoliyanın əvvəlki vəziyyətə qayıtmasının və islahatların imitasiyasının ən bariz nümunəsi sayıla bilər».
«BANAN MÜŞAVİRƏSİ»
İqtisadçı vurğulayır ki, əslində, banan Azərbaycanda ucuzlaşmalı idi:
«Əslində, mövsümi amillərin və manatın bahalaşması kimi əhəmiyyətli amillərin təsiri ilə Azərbaycanda bananın qiyməti ucuzlaşmalı idi. Ancaq əksinə, bazarda bahalaşma müşahidə olunur. Əgər yumurta müşavirəsi kimi, heç olmazsa, bir dəfə də banan müşavirəsi keçirilsəydi, onda heç şübhəsiz ki, onun da qiyməti ucuzlaşardı…».
Oxunub: 668