Ötən ilin yanvarından başlayaraq keçirdiyi satınalmalara dair məlumatları öz korporativ internet səhifəsində açıqlayan şirkət və onun idarələri qanunvericiliyə «yarımçıq» əməl edirlər. Mütəxəssislər deyirlər ki, innən belə SOCAR, onun kimi digər dövlət qurumları – «Azərenerji» ASC, AZAL QSC, «Azneftkimyamaş» QSC və başqaları «qanundan yan keçə» bilməyəcəklər.
Satınalmalar üzrə ekspert Elvin Yusifli AzadlıqRadiosuna deyir ki, «Dövlət satınalmaları haqqında» Qanunun müddəaları SOCAR-a da şamil olunur və dövlət neft şirkəti qanuni prosedurların hər birinə əməl etməlidir:
«SOCAR tender elanını rəsmi mediada, tənzimləyici dövlət qurumunun və özünün vebsaytında dərc etməlidir. Keçirilmiş satınalma əməliyyatları barədə tənzimləyiciyə qanunvericiliklə müəyyən olunmuş qaydada bütün məlumatları verməli, satınalma prosedurlarının nəticələrini açıqlamalıdır».
DÖVLƏTİN PAYI VARSA…
Elvin Yusiflinin sözlərinə görə, qanunvericiliyin tələbini pozan vəzifəli şəxsləri cərimə cəzası gözləyir. Qanunun tələbi isə dövlət büdcəsindən maliyyələşən təşkilatlarla yanaşı, nizamnamə kapitalında dövlətin 30 faiz və daha çox səhmi və payı olduğu şirkətlərə də aiddir. Elə bu səbəbdəndir ki, uzun illərdən bəri əksər satınalmalarla bağlı müsabiqə keçirməyən Azərbaycan Beynəlxalq Bankı son 10 gündə 4 tender elan edib.
BİLDİRİŞDƏ MÜQAVİLƏ HAQDA HEÇ NƏ YOXDUR
Amma qanunun mürəkkəbi qurumamış bəzi dövlət qurumları onu pozmağa başlayıb. Məsələn, satınalma prosedurlarının başa çatdığını elan edən Şağan Müalicə Pansionatı, Dövlət Sosial-Tibbi Ekspertiza və Reabilitasiya Xidməti (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatları), «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bildirişlərdə nə qalib şirkətin adını, nə müqavilənin qiymətini, nə də onun icra müddətini açıqlayıb.
Halbuki, ekspertin sözlərinə görə, qanun müqavilə haqqında məhz bu cür ayrıntıların verilməsini nəzərdə tutur. Bir çox ölkələrdə müqavilənin mətni də dərc olunur.
SOCAR-IN MÜQAVİLƏLƏRİNDƏ «AZƏRBAYCANLI İZİ»
Son 17 ayda SOCAR və onun idarələri 503 satınalma elanı yerləşdirib, onların 104-nün nəticəsi açıqlanıb. Bağlanmış müqavilələrin yalnız 4-ü bu ilə aiddir. SOCAR-ın «Kompleks qazma işləri» tresti sayı açıqlanmayan qazma baltalarını ABŞ-ın «MMS Holdings Group LLC» şirkətindən 112 min 570 ABŞ dollarına satın alacaq. Bu şirkətin Azərbaycan əsilli ABŞ vətəndaşı Mark Sadıxova məxsus olduğu bildirilir.
SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyi də qaynaq generatorunu sahibi azərbaycanlı olan Türkiyə şirkətindən 64 min 500 avroya alıb. İstanbul Ticarət Palatası «Tikon Teknoloji Dış Tic. LTD» şirkətinin 2012-ci ilin avqustunda Səyavuş Miriyev tərəfindən qurulduğu haqda bilgi verir.
Səyavuş Miriyevin Bakıda «Ticon», «Gens Elektrik» və «Nepton-SM» şirkətləri də var.
Ən iri kontrakt isə Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş «Orient Supply General Trading LLC» şirkəti ilə bağlanıb. Serverlərin genişləndirmə üzrə avadanlıqlara tələbatını ödəmək üçün SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsi bu şirkətlə mayın 17-də 1 milyon 95 min dollarlıq müqavilə imzalayıb.
azadliq.org
Oxunub: 498