Jurnalist qaçaqmalçılıqda və sərhədi qanunsuz keçməkdə ittiham olunur
“Avropa Birliyi Gürcüstanla münasibətlərinə yenidən baxmalı, vizasız gediş məsələsini də dərhal dayandırmalıdır”
“Gürcüstanda tutularaq Azərbaycana gətirilmiş jurnalist Əfqan Muxtarlı Dövlət Sərhəd Xidmətinin (DSX) binasında saxlanılır”.
Bunu “Azadlıq”a jurnalistin vəkillərindən Elçin Sadıqov deyib. Əfqan Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318.1 (dövlət sərhədini qanunsuz keçmə), 206.1 (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.
Vəkil Əfqan Muxtarlının ifadəsi əsasında onun başına gələnləri jurnalistlərə danışıb. Bəlli olub ki, Ə.Muxtarlını Tbilisidə yaşadığı evin yaxınlığında zorla Opel markalı maşına mindirib, əllərini arxadan bağlayıblar və döyməyə başlayıblar. Ə.Muxtarlının bədəninin müxtəlif nahiyələrində zədə izləri var. Hətta sol qabırğalarından sındığını da hiss edir. Jurnalistin əvvəl başına torba keçirməklə, sonra isə mayka ilə örtməklə gözlərini bağlayıblar. Yolda iki dəfə bir maşından digərinə mindiriblər. Gözlərini açanda Ə.Muxtarlı özünü sərhəd zastavasında görüb. Onun cibinə 10 min avro pul da qoyublar ki, guya üstündən çıxıb. Halbuki, onun üzərində cəmi 2 lari olub. Bundan başqa jurnalistin üzərində pasportu və ya hansısa başqa sənədi yoxdur.
Vəkil bildirib ki, belə etməklə Ə.Muxtarlının həm sərhədi qanunsuz keçməyə çalışdığı, həm də qaçaqmalçılıq etdiyi görüntüsü yaratmaq istəyirlər.
Vəkil qeyd edib ki, Ə.Muxtarlı bu gecə 37-ci polis bölməsinin həyətindəki müvvəqəti saxlama yerində saxlanacaq. Sabah (31 may) isə haqqında qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılacaq. İşə Səbail məhkəməsində baxılacaq.
***
Media hüququ eksperti Ələsgər Məmmədli jurnalist Əfqan Muxtarlı ilə bağlı baş verənləri facebook hesabında belə şərh edib:
“Araşdırmaçı jurnalist Əfqan Müxtarlının sığındığı Gürcüstandan qanunsuz yollarla gətirilməsi və Azərbaycanda həbs altına atılması Gürcüstanın beynəlxalq imicini ayaqlar altına atan addımdır. Avropa Birliyi ilə bütünləşməyə qərar verən bir ölkəyə sığınan insanın təhlükəsizliyinin orta əsrlər səviyyəsində təhlükələr altında olması Gürcüstanı bir dövlət kimi bitirən addımdır. Bu olaya hansı pəncərədən baxmağın fərqi yoxdur, bütün hallarda baş verən Gürcüstanın dövlət və hüquq anlayışlarından uzaq olmasının göstəricisidir.
Belə ki, hər iki ehtimalda:
1. Əfqan Muxtarlının rəsmi qurumların bilgisi və iştirakı ilə hüquqa zidd, məhkəmə qərarı olmadan təhvil verilməsi halında bu, hüquqi rəzillikdir və Gürcüstanın Avropa İnsan Hüquqları Konvensiyasında təsbit olunan və əməl etməli olduğu beynəlxalq hüquq normalarını ayaqlar altına atmasıdır.
2. Əfqan Müxtarlını rəsmi qurumların bilgisi və iştirakı olmadan, mafiya, yaxud xüsusi əməliyyatçıların Gürcüstandan çıxarması daha böyük rəzillikdir. Deməli, bu “dövlət” Şevardnadzenin dönəmindəki vəziyyətə qayıdıb. Bu isə Avropa Birliyinin təhlükəsizliyini də ciddi təhdid edən məqamdır. Sabah, istənilən Avropa ölkəsi vətəndaşının Gürcüstanda eyni situasiya ilə üzləşəcəyi, 3-cü ölkələrə və hətta İŞID-ə verilməyəcəyi qarantiyası artıq yoxdur.
Avropa Birliyi Gürcüstanla münasibətlərinə yenidən baxmalı, vizasız gediş məsələsini də dərhal dayandırmalıdır”.
Oxunub: 284